 
                            Zəngəzur Dəhlizinin əhəmiyyəti yükdaşımalarla məhdudlaşmır.
Moderator.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu layihə iqtisadi və sosial inteqrasiyanın mühərrikinə çevrilmək potensialına malikdir: “Dəhliz enerji və kommunikasiya infrastrukturu üçün də platforma rolunu oynayacaq. Bu gün gördüyünüz kimi, Azərbaycan artıq bu dəhlizin reallaşması istiqamətində mühüm addımlar atıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı bərpa proqramı bu əraziləri ölkənin yeni inkişaf mərkəzlərinə çevirməyi hədəfləyir”.
Nazir müavini qeyd edib ki, bu çərçivədə 3 200 kilometr uzunluğunda avtomobil yollarının tikintisi aparılır, onların 71%-i artıq tamamlanıb: “180 kilometr uzunluğunda yeni dəmir yolu xətlərinin isə 75%-i başa çatıb. Eyni zamanda, bölgədə üç yeni beynəlxalq hava limanı inşa edilib. Dəhlizin tərkib hissəsi olan Horadiz–Ağbənd avtomobil və dəmir yollarının tikintisinin gələn il başa çatdırılması planlaşdırılır. Bu layihələr nəticəsində Araz dəhlizi Zəngəzur dəhlizi ilə paralel şəkildə inkişaf edəcək, regionun nəqliyyat əlaqələrinin genişlənməsi və inteqrasiyasına əlavə təkan verəcək. Qeyd etmək lazımdır ki, Ermənistan üzərində əvvəllər mövcud olan tranzit məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində də praktiki addımlar artıq atılır”.
 
                             
                             
                             
                            