Xəzərdəki problem ATƏT PA-da müzakirəyə çıxarıldı
Siyasət
842
31 Oct 2025 | 11:32

Xəzərdəki problem ATƏT PA-da müzakirəyə çıxarıldı

Azay Quliyev: “Dənizin səviyyəsinin aşağı düşməsi bütün region üçün həm də ciddi iqtisadi risklər yaradır”
 
ATƏT Parlament Assambleyasının İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin sədri Azay Quliyev ATƏT iştirakçı dövlətlərini artan çağırışlar fonunda dayanıqlılığın gücləndirilməsi istiqamətində səyləri artırmağa çağırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ATƏT PA-nın dünən yaydığı rəsmi məlumatda deyilir.
 
Xəbərdə bildirilir ki, Vyanada keçirilən ATƏT-in 2025-ci il Ətraf Mühit və İqtisadiyyat Ölçüsü üzrə İcra Görülməsi Yığıncağının bağlanış sessiyasında çıxış edən Azay Quliyev vurğulayıb ki, dayanıqlılıq yalnız bərpadan ibarət deyil, həm də qabaqlama, hazırlıq və yaxşı idarəetmə deməkdir. 
 
A.Quliyev iqlim böhranını getdikcə artan təhlükəsizlik təhdidi kimi səciyyələndirərək bildirib ki, misli görünməmiş istilər ekstremal hava hadisələrini gücləndirib, bioloji müxtəlifliyi zəiflədib və enerji sahəsindəki həssaslıqları üzə çıxarıb. Bu vəziyyət təxirəsalınmaz azaldılma, uyğunlaşma və maliyyələşdirmə tədbirləri tələb edir, - deyə o vurğulayıb.
 
O qeyd edib ki, münaqişələr mövcud çağırışları daha da dərinləşdirərək “fəlakət gücləndiricisinə” çevrilir. Müharibələr ekoloji fəlakətlərə, əlaqələrin pozulmasına və emissiyaların artmasına səbəb olur. O, nümunə kimi Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni göstərib.
 
A.Quliyev həmçinin vurğulayıb ki, regional münaqişələr həyati əhəmiyyətli infrastrukturun dağıdılmasına, təbii fəlakətlərə qarşı cavab vermə qabiliyyətinin zəifləməsinə gətirib çıxarıb. Eyni zamanda korrupsiya dövlət institutlarının həm təbii, həm də insan tərəfindən törədilən fəlakətlərə cavab vermə imkanlarını zəiflədir və ictimai etimadı ciddi şəkildə aşındırır. Bu isə dövlət reaksiyalarının effektivliyini daha da azaldır. Odur ki, bu mənfi dövrəni qırmaq əsas prioritet olmalıdır. 
 
A.Quliyev eyni zamanda müsbət dinamikanı göstərən bir sıra nümunələrə də toxunub. O, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını qeyd edərək bunun regionda əməkdaşlığın yeni mərhələsinə yol açdığını vurğulayıb.
 
İrəliyə baxaraq Quliyev ATƏT iştirakçı dövlətlərini erkən xəbərdarlıq sistemləri, risk xəritələşməsi və məlumat mübadiləsi, fəlakətlərə hazırlıq və iqlim şokları üçün ehtiyat fondları sahəsində əməkdaşlığı genişləndirməyə çağırıb. O, həmçinin süni intellekt və kvant hesablama texnologiyalarının ətraf mühitin monitorinqi və risk proqnozlaşdırılmasında çevriliş yarada biləcək potensialını vurğulayıb.
 
Sonda Quliyev Mərkəzi Asiya, Xəzər və Aralıq dənizi kimi həssas regionlarda transsərhəd resursların idarə edilməsinin gücləndirilməsinin zəruriliyini önə çəkib. 
 
“Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bütün region üçün ciddi ekoloji, iqtisadi və sosial risklər yaradır. Ona görə də Xəzərin ekoloji balansının bərpası həyati əhəmiyyət daşıyır,” - deyə o qeyd edib.
 
Bu kontekstdə Quliyev bildirib ki, parlamentlər dövlət institutları ilə yerli icmalar arasında körpü rolunu oynaya, icra hakimiyyətlərinin tədbirləri üçün geniş ictimai dəstək formalaşdıra, qanunvericiliyi təkmilləşdirə və lazımi resursların ayrılmasını təmin edə bilərlər.
Link kopyalandı!
Son xəbərlər