Ramiz Mehdiyevlə bağlı olay açıqlama: “Əli Kərimlinin ondan sifariş alması... ”
Siyasət
629
20:00, Bu gün

Ramiz Mehdiyevlə bağlı olay açıqlama: “Əli Kərimlinin ondan sifariş alması... ”

Ramiz Mehdiyevin “Dövlət Şurası” siyahısında olan 50 nəfərdən ikisinin adının artıq bəlli olduğuna dair məlumatlar var.

Bunlar AXCP sədri Əli Kərimli və Milli Şurada təmsil olunan sabiq deputat Gültəkin Hacıbəylidir. R.Mehdiyevin özünü “əsl müxalifət” hesab edən Əli Kərimli ilə münasibətlərinə dair məlumatlar uzun müddətdir ki, yayılır. Yəni son məktub olayından əvvəl də bu barədə xəbərlər dolaşırdı. Görünür, bu iki şəxsi təkcə “yaxın qonşuluq siyasəti” yox, həm də “uzaq maraqlar siyasəti” də yaxınlaşdırıbmış.

İndi isə cəmiyyəti siyahıdakı digər adlar maraqlandırır. Onların arasında sabiq və indiki məmurların, icra başçılarının, tanınmış şəxslərin olduğu təxmin edilir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi Niyaməddin Orduxanlı “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Ramiz Mehdiyevin etdikləri ortadadır və cəmiyyət prosesi diqqətlə izləyir:

“Təbii ki, bütün məsələlər kökündən araşdırılmalıdır. İstintaqda hər şeyin ortaya çıxaracağına inanırıq. Ramiz Mehdiyev vətənə xəyanət və dövlət çevrilişinə cəhd kimi çox ciddi maddələrlə ittiham olunur. Yəni ən ağır maddələrdən söhbət gedir. Bunların hamısı ciddi formada araşdırılacaq və prosesdə iştirak edən hər kəs cəzalandırılacaq. Azərbaycan dövlətinə, xalqına xəyanət edən istənilən şəxs qanun qarşısında cavab verməlidir”.

Siyasətçi Ramiz Mehdiyevin neyro-psixoloji müayinələrdən keçirilməsini təklif edib:

“Hesab edirəm ki, Ramiz Mehdiyevin yaddaş, diqqət, məntiqli düşünmə, təhlil və qərarvermə kimi problemləri ola bilər. Bu səbəbdən də Ramiz Mehdiyev neyro-psixoloji müayinələrdən keçirilməlidir. Bütün müayinələrdən sonra hər şey ortaya çıxacaq. Dövlətə xəyanət varsa, hüquq-mühafizə orqanları bütün məsələləri ciddi şəkildə araşdırmalıdır. Ramiz Mehdiyev uzun illər dövlətin ən yüksək vəzifələrinin birində təmsil olunub”.

Həmsöhbətimiz vurğulayıb ki, istintaq Ramiz Mehdiyevin “Dövlət Şurası” siyahısında olan şəxslərin adını ortaya çıxaracaq:

“Ramiz Mehdiyevin xəyanəti istinaqın müəyyən edəcəyi məsələdir. Əminəm ki, istintaq Ramiz Mehdiyevin “Dövlət Şurası” siyahısındakı 50 nəfərin, eləcə də proseslərdə iştirak etmiş digər şəxslərin də adını ortaya çıxaracaq. Kim Ramiz Mehdiyevlə əməkdaşlıq edib və ya onla əlaqəli olubsa, istintaqa cəlb olunacaq, hüquq müstəvisində cəzasını alacaq”.

O, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin də adının sözügedən siyahıda olması barədə məlumatlara münasibət bildirib:

“Əli Kərimli həmişə həm daxildən, həm də xaricdən göstərişlər alıb. Onun bütün siyasi fəaliyyəti sifarişləri icra etməkdən ibarət olub. Milli Şura yarananda belə ictimaiyyət onun kənar qüvvələrin, xüsusilə Rusiyanın təşəbbüsü ilə formalaşdığını bilirdi. Yəni Rusiyaya işləyən adamların Milli Şuraya göstəriş verməsi təəccüblü deyil. Həmin dövrdə Əli Kərimli də Milli Şurada böyük rol almışdı. Daha dəqiq desək, Əli Kərimlinin Ramiz Mehdiyev və digər vəzifəli şəxslərdən sifariş aldığını istisna etmirəm”.

Niyaməddin Orduxanlının sözlərinə görə, Ramiz Mehdiyev Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasına nifrət edib:

“Ramiz Mehdiyevin son 25 illik həyatında partiyamıza və sədrimiz Qüdrət Həsənquliyevə qarşı böyük hücumları olub. Bunu Azərbaycanın ictimai-siyasi həyatında, o cümlədən hakimiyyətdə yüksək səviyyədə təmsil olunan hər kəs bilir. Çünki biz Ramiz Mehdiyevin prezidentlik arzusunu ürəyində qoymuş siyasətçilərik. O, buna görə bizim partiyaya hər zaman nifrətlə yanaşıb”.

Link kopyalandı!
Son xəbərlər