Bir müddət əvvəl məlumat yayılmışdı ki, bu il noyabrın əvvəlində Bakıda 33-cü Avropa Ravvinlər Konfransı (CER) keçiriləcək.
Sonradan İsrail tərəfi bu tədbiri ləğv etdi. Tədbirin təşəbbüskarı da, təşkilatçısı da, ləğv edəni də Azərbaycan deyildi.
Moderator.az "Musavat.com"a istinadən xəbər verir ki, "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəylinin sözlərinə görə, məscidi, kilsəsi, sinaqoqu yanaşı olan, adı dünyada sivilizasiyaların, mədəniyyətlərin qovşağı, dialoq məkanı kimi çəkilən, heç vaxt dini siyasətlə qarışdırmayan Azərbaycan üçün bu qəbildən dini toplantılar sıradan hadisədir. Bakı çoxsaylı belə tədbirlərə ev sahibliyi edib:
"Amma bu dəfə də müşahidə edildi ki, Türkiyə içərisində Azərbaycanla münasibətləri zədələməyə çalışanlar meydandan çəkilmirlər. Burada Rusiya xətti açıq sezilir. Rusiyanın Türkiyə siyasətinə atdığı Vətən Partiyasının baş katibi Doğu Perinçəyin tələsik açıqlamaları da buna dəlalət edir. Perinçək iddia edib ki, guya bu konfrans onun Azərbaycan Prezidentinə yazdığı məktuba görə ləğv edilib, hətta bu dediklərinin inandırıcı çıxması üçün bu "zəfər"i "türk və islam dünyasına ithaf" da edib. Türk və islam düşməni, satqın, Vətən xaini, PKK terror təşkilatının fədaisi, Kremlin tulası olan bir oyuncaq siyasətçinin sözü ilə Bakının hansısa qərara gəlməsinə heç Perinçəyin kuratoru Dugin də inanmaz. Perinçək kimdir ki, onun sözü ciddiyə alınsın?! Perinçəyin nə deməsinin nə Azərbaycan, nə də Türkiyə üçün hansısa əhəmiyyəti var, bu, bizi heç qayğılandırmır da. Açığı, burada üzücü məsələ Perinçəyin sərsəmləmələrinin Türkiyə mediasında tirajlanmasıdır. Buna təəssüf etməmək olmur. Biz Türkiyədən olan vətəndaş cəmiyyəti təmsilçiləri ilə təmaslarımız zamanı bu qeydi onların diqqətinə çatdıracağıq".
