Belarus müxalifətinin lideri Azərbaycana çağırış etdi
Siyasət
595
29 Oct 2025 | 20:40

Belarus müxalifətinin lideri Azərbaycana çağırış etdi

"Avronest" Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova parlamentarilərini bir arada toplaya biləcəyimiz yeganə formatdır.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bunu oktyabrın 29-da Avronest Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar iclasına videomüraciətində Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib.

“Həmsədrləri təbrik etmək istəyirəm ki, insanları bu cür bir araya gətiriblər, Belarusun da orada təmsil olunmasını təmin ediblər. Bizim üçün "Avronest" bir platformadan daha çox şey deməkdir, bu, oxşar problemləri olan xalqların həm ağrılarını, həm də uğurlarını bölüşə biləcəyi unikal yerdir. Hamımız üçün bu, Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova parlamentarilərini bir arada toplaya biləcəyimiz yeganə formatdır”, - o qeyd edib.

Həmçinin, Svetlana Tixanovskaya Azərbaycana müraciətində bildirib:

“Azərbaycanlı dostlarımıza da bir mesaj ünvanlamaq istəyirəm: münasibətlərin qurulmasına çox açığıq və maraqlıyıq. Əminik ki, ortaq maraqlar və qarşılıqlı fayda gətirəcək sahələr tapacağıq”.

Xatırladaq ki, Azərbaycan parlamentinin nümayəndə heyəti "Avronest" PA-nın oktyabrın 28-30-da İrəvanda keçirilən 12-ci plenar sessiyasında iştirakdan imtina edib. Qərar Avropa Parlamentinin Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə bəyanat və qərarları ilə izah olunub.

Azərbaycanla yanaşı, Gürcüstan da iclasa qatılmaqdan imtina edib.

Svetlana Tixanovskayaya gəlincə, Litvada mühacir həyatı yaşayan belaruslu müxalif siyasətçi 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycan əleyhinə təxribatçı açıqlamaları ilə gündəmə gəlmişdi. Həmçinin, o, Litva hökumətinin şəxsi təhlükəsizlik səviyyəsini aşağı saldığı üçün Ermənistana səfər proqramını ləğv etməyə məcbur olub.

Link kopyalandı!
Son xəbərlər