Sahibə Qafarova rumıniyalı həmkarı ilə müzakirə apardı
Siyasət
266
19:06, Bu gün

Sahibə Qafarova rumıniyalı həmkarı ilə müzakirə apardı

Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə görüşüb.
 
Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.
 
S.Qafarova qeyd edib ki, həmkarının Azərbaycana son altı ayda ikinci dəfə səfəri ikitərəfli əlaqələrin dinamik inkişafının bariz göstəricisidir. Milli Məclisin sədri Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması çərçivəsində keçirilən Beynəlxalq Parlament Konfransının əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu konfrans il ərzində parlament tərəfindən həyata keçirilən tədbirlərin davamıdır və dost ölkələrin parlamentarilərini bir araya gətirir. Spiker konfransda iştirakına görə Mirça Abrudeana təşəkkür edib.
 
Görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır, imzalanmış çoxsaylı sənədlər isə bu əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir. Bildirilib ki, enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının Rumıniyaya ixracı bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Həmçinin təhsil, elm və mədəniyyət sahələrində, eləcə də regionlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.
 
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı məmnunluqla vurğulanıb. Milli Məclisin sədri bildirib ki, dövlətlərimiz arasında olan münasibətlər qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaradır. Qeyd olunub ki, parlament dostluq qruplarının fəaliyyəti, parlament rəhbərlərinin və deputatların qarşılıqlı səfərləri bu əlaqələrin möhkəmlənməsinə xidmət edir.
 
S.Qafarova görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə də toxunub. O, Vaşinqtonda sülh sazişinin paraflanmasının əhəmiyyətini qeyd edib, sülh və sabitliyin region üçün xüsusi önəm daşıdığını vurğulayıb, həmçinin etimad quruculuğu prosesinin vacibliyinə toxunub və bu çərçivədə Ermənistan parlamentinin sədri ilə keçirdiyi görüş barədə məlumat verib.
 
Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean səmimi qəbula görə təşəkkür edib və Azərbaycan Konstitusiyasının 30 illiyi ilə bağlı təbriklərini çatdırıb. O, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edərək bildirib ki, enerji, nəqliyyat, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Qonaq, həmçinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesində əldə olunan nailiyyətlər münasibətilə təbriklərini ifadə edib və bu prosesin regionda dayanıqlı sülhün bərqərar olmasına xidmət edəcəyinə inandığını bildirib.
 
Görüşdə parlamentlərarası əlaqələrin müxtəlif komitələr çərçivəsində inkişaf etdirilməsi yolları müzakirə olunub, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Link kopyalandı!
Son xəbərlər