ABŞ Prezidenti Donald Tramp Yaponiyada yerləşən “USS George Washington” aviadaşıyıcısında amerikalı hərbçilər qarşısında çıxış edib.
Moderator.az xəbər verir ki, Tramp çıxışında səkkiz ay ərzində rəhbərlik etdiyi administrasiyanın səkkiz beynəlxalq münaqişəni hərbi gücə əl atmadan dayandırdığını bildirib.
Onun sözlərinə görə, bu münaqişələr arasında Kosovo–Serbiya, Konqo–Ruanda, Pakistan–Hindistan, İsrail–İran, Misir–Efiopiya, Ermənistan–Azərbaycan qarşıdurmaları, habelə Qəzza sektorundakı döyüşlər də yer alır.
“Cəmi səkkiz ayda səkkiz müharibəyə son qoydum. Bizdən əvvəlki prezidentlər çox vaxt müharibələrə başlayıblar, amma onları bitirən olmamışdı”, - deyə Tramp vurğulayıb.
ABŞ lideri, həmçinin Kamboca və Tailand arasında Malayziyada imzalanan razılaşmanı da qeyd edib.
Tramp bildirib ki, administrasiyasının əsas alətləri “ticarət və tariflər” olub: “Biz milyonlarla insanın həyatını xilas etdik. Əsasən sözlə hərəkət etdik, silahla yox”.
Prezident çıxışının sonunda ABŞ ordusunun dünyada ən güclü silahlı qüvvələrə malik olduğunu vurğulayıb: “Bizim ordumuzun gücünə bənzər heç nə yoxdur. Nə silahlarımızın, nə də donanmamızın oxşarı var. ABŞ hərbçiləri yaxın zamanda daha da güclənəcək”.