Ramiz Mehdiyev Kremlə gizli məktubunda nələr yazıb? - DETALLAR
Siyasət
684
18:10, Bu gün

Ramiz Mehdiyev Kremlə gizli məktubunda nələr yazıb? - DETALLAR

Xəbər verdiyimiz kimi, Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı həyata keçirmək istəyən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb.

Moderator.az xəbər verir ki, "Dövlət idarəçiliyi sistemində islahatlar" adlı məktubdan bəzi hissələri təqdim edir.

Məktubda qeyd olunur ki, son illərdə dövlət idarəetmə sistemini, eləcə də Azərbaycanın iqtisadi həyatını əhatə edən dərin böhranın radikal islahatlar və dəyişikliklər aparılmasını tələb etdiyi vurğulanır.

R.Mehdiyev qeyd edir ki, mövcud idarəetmə strukturunun qeyri-effektivliyi bir tərəfdən, indiki hakimiyyətin xarakteri, adətləri və baxışları ilə izah olunur, digər tərəfdən isə bu struktur iflic olmuş avtoritarizm ruhu ilə yoğrulub. Bu idarəetmə sisteminin əsas xüsusiyyətləri yalnız referendum vasitəsilə dəyişdirilə bilər.

Yeni dövlət idarəetmə formasını və prinsiplərini işləyib hazırlayarkən ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, dövlətə olan ənənəvi gözləntilərini nəzərə almaq, sosial-iqtisadi həyatın durğunluğuna səbəb olan gerçək amilləri dərk edib aradan qaldırmaq lazımdır.

Uzunillik idarəçilik təcrübəm, strateji dövlət orqanlarının rəhbəri kimi topladığım biliklər, habelə müasir Azərbaycanın siyasi həyatına və tarixinə dair elmi tədqiqatlarım mənə aşağıdakı dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruriliyini göstərir:

1. Hakimiyyət ümumi qəbul edilmiş demokratik prinsiplərə əsasən, üç qoldan ibarət olacaq: Qanunverici, İcraedici və Məhkəmə hakimiyyəti.

Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti Dövlət Şurası həyata keçirəcək. Şura 50 üzvdən ibarət olacaq – cəmiyyət tərəfindən böyük hörmət qazanan, təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələri.

Şura seçkili orqan olacaq və referendum yolu ilə formalaşacaq. Onun rəhbəri — Dövlət Şurasının Sədri xalq tərəfindən seçilən şura üzvlərinin öz sıralarından səsverməsi yolu ilə seçiləcək.

Sədri vəzifədən uzaqlaşdırmaq da yalnız Şura üzvlərinin səsverməsi nəticəsində mümkün olacaq.

Dövlət Şurası ölkədəki siyasi, sosial və iqtisadi proseslər üzərində tam nəzarət mexanizminə sahib olacaq. Həmçinin Konstitusiya Məhkəməsi və Təhlükəsizlik Şurasının funksiyalarını yerinə yetirəcək.

Dövlət Şurası parlamentin qəbul etdiyi qanun layihələrini və hökumətin qərarlarını təsdiqləyəcək, zərurət yarandıqda veto hüququndan istifadə edə biləcək.

Şura həmçinin güc strukturlarının, məhkəmə hakimiyyətinin, Mərkəzi Bankın rəhbərlərinin, universitet rektorlarının təyin olunmasına dair namizədləri irəli sürmək səlahiyyətinə malik olacaq.

2.İcra hakimiyyətinə ölkənin Baş naziri rəhbərlik edəcək. O, parlament seçkilərinin nəticələrinə əsasən, formalaşacaq hakim partiyanın başçısı olacaq. Ən çox səs toplayan partiyanın rəhbərinə sosial-iqtisadi xətti həyata keçirəcək hökuməti formalaşdırmaq hüququ veriləcək.

3.Qanunverici orqan - parlament ümumxalq seçkiləri yolu ilə hər 7 ildən bir formalaşacaq.

Parlament hökumətin fəaliyyətinə dair hesabatları dinləyəcək, sosial-iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh nazirləri təsdiq edəcək (güc strukturları istisna olmaqla).

4.Əvvəlki kimi, məhkəmə hakimiyyəti Ali Məhkəmə və ona tabe strukturlar vasitəsilə həyata keçiriləcək.

Belə dəyişikliklər ölkəni prezident idarəçiliyindən parlamentar respublika modelinə keçirəcək. Bu model hakimiyyət üzərində səmərəli nəzarət mexanizmini təmin edəcək, avtoritarizmin və şəxsi hakimiyyət meyillərinin əsaslarını xeyli dərəcədə neytrallaşdıracaq.

Bununla yanaşı, bu sistem dövlət fəaliyyətinə ictimai nəzarəti gücləndirəcək.

Eyni zamanda, belə bir model demokratik seçkilərin keçirilməsinə şərait yaradacaq, bu isə öz növbəsində ölkənin beynəlxalq imicini yaxşılaşdıracaq, müxtəlif siyasi qüvvələrin fəaliyyətinə geniş imkanlar açacaq və vətəndaş cəmiyyətinin əsaslarını möhkəmləndirəcək".

Link kopyalandı!
Son xəbərlər