Ermənilər nə etdi, nə edə bilmədi?.. - Əkbər QOŞALI YAZIR
Siyasət
537
15:42, Bu gün

Ermənilər nə etdi, nə edə bilmədi?.. - Əkbər QOŞALI YAZIR

“Qubadlıya öz sahibləri qayıdıb” – bu, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözüdür. 
 
Bəs ÖZ SAHİBİ nə deməkdir? — Qubadlını 30 ilə yaxın tapdaq altında saxlamağı bacaranlar, ona sahiblənməyi bacarmadı; oradan faydalandılar, lakin minadan, dağıntıdan, fəlakətdən başqa heç nə verə bilmədilər. Qubadlı kimi gözəl təbiətə, sərvətlərə, axar-baxara malik el-obada nə el ola bildilər, nə oba — düz-əməlli məskunlaşammadılar; bir sözlə, xoşbəxt həyat qura bilmədilər, bilmədilər, bilmədilər! — Niyə? — Çünki 
 
-Qubadlının öz sahibləri deyildilər;
 
-oradan çıxarılacaqlarını, çıxacaqlarını qanırdılar;
 
-nəinki Qubadlıya, bütün Zəngəzura, habelə Göyçəyə, İrəvana gəlmə olduqlarını bilirdilər… bilirlər… biləcəklər. 
 
Bax, bax, hələ bugünlərdə belə burdan-bura öz parlamentlərinin tribunasında, ayrıca, uzaq İspaniyanın quzeyində — basklar yaşayan Bilbaonun stadionunda “Atletik” - “Qarabağ” oyununda qondarma və gorbagor “DQR”in əski parçasını bayraq sanıb qaldıranlar guya həqiqəti bilmir? Bəs Baş nazir Paşinyan, digər yüksək yetkililər birbaşa şahidi olduqları yaxud ekrandan izlədikləri bu və bənzəri yaramazlıqlara gərəkli təpki verdimi? — Hələ-hələ, AZALın uçağı İrəvana barışcıl uçuş etmişkən… Yəni Qubadlıdan bir az o tərəfdə hələ də əvəzçıxma yanğlsı ilə tutuşmuş zehniyyət sahibləri nəyə sahib olmağı haqq edib-etmədiklərini dərindən götür-qoy etmə zorundadır. Bəli, Gündoğar Zəngəzur onlarlıq deyil, amma Günbatar Zəngəzurda adam balası kimi yaşamaq da qarınlarını ağrıtmamalıdır.
 
Bəli, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qubadlıya öz sahibləri qayıdıb” kəlamı bir coğrafiyadan daha üstün kəlam olub, bir ulusun ruhunun bərpasını ifadə edir. Hər dağı, düzü, çayı… qurtuluş nəfəsi kimi duyulan Qubadlı — Azərbaycanın sarsılmaz iradəsinin, hünərinin və ruhi zəfərinin simvoludur.
 
Qubadlıda Qarabağla Zəngəzurun nəfəsi birləşir. Bərgüşadın, Həkərinin səsi bir ulusun yaddaşını daşıyır. Bu torpaqlarda qurtuluş uğrunda gedən döyüşlər həm də yaddaşın geri alınması, kimliyin bərpası idi.
 
“Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu”. — Ali Baş Komandan, Prezident İlham Əliyevin sözləridir.
 
Bəli, tarix Qubadlıya sərt baxdı. 1993-cü ilin avqustunda arxalı düşmən buranı işğal etdi, ev-eşikləri, abidələri, körpüləri… taladı, dağıtdı, yandırdı; lakin Qubadlının özündən ulu ruhunu tuta bilmədi. Xanlıq, Mahruzlu, Padar, Sarıyataq… bütövlükdə Qubadlı ulusun yaddaşında əbədi bir anda çevrildi. Vaxt gəldi, vədə yetişdi, Azərbaycan əsgəri o dağlara ayaq basdı, oraya bayraq sancdı və bununla da yaddaşı dirçəltdi, ruhi gücü qanadlandırdı.
 
Bax, o ruh 2020-ci təqvim ilin 10-cu ayının 25-ci günündə silah səsindən çox daha üstün olan ədalətin səsi ilə qayıtdı. Qubadlı əməliyyatı Vətən müharibəsinin gedişində çox önəmli hadisələrdən biri oldu. — “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. ...Beləliklə, düşmən təslim olmağa məcbur oldu”. — Bu, qutlu sözlər də Müzəffər Ali Baş Komandanın sözləridir.
 
Bu gün Qubadlı hərb mərhələsində deyil, hətta yalnız bərpa mərhələsində də deyil; Qubadlı yenidən doğuluş mərhələsindədir. Örnəyi, “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı” həm bir infrastruktur layihəsi, həm də azad edilmiş torpaqların gələcəyə inamlı baxışıdır…
 
Yeni yollar, körpülər, tunellər, stansiyalar, kəndlər, məktəblər, xəstəxanalar… — Budur, Mahruzlu və Zilanlı kəndlərində həyat yenidən qurulur. Bərgüşadda elektrik enerjisi ürətilir, oralarda artıq rəqəmsal rabitə və sürətli internet axır. Necə deyərlər, dağlar indi həm yaddaşın, həm gələcəyin dayağıdır.
 
Bir qədər obrazla desək, Qubadlı Zəngilanla sirdaş, Laçınla qardaş, Cəbrayılla yoldaşdır. Bu coğrafiya təkcə sərhədlər toplusudurmu? — Əsla! — Gündoğar Zəngəzur deyincə, biz Türk dünyasının gələcək enerji və mədəni damarlarından danışmış oluruq.
 
Qubadlı-Eyvazlı və Qubadlı-Laçın yolları, həm də Zəngəzur dəhlizinə uzanan bir taleyin yolları olsa gərək... Hər kilometr azadlıqla, hər körpü yenidənquruluşla yoğrulub.
 
Bu, Azərbaycan dövlətçiliyinin qətiyyətli addımlarıdır, əlbəttə; əlbəttə, torpaq yalnız qorunanda deyil, qurulanda vətən olur! Qoruyub qururuq, qurub qoruyuruq.
 
25 oktyabr — Qubadlı Şəhəri Günü özündə yalnız anıları barındırmır, varlığın təntənəsini göstərir! Qubadlı indi qaramatı aşan bir dirçəliş məktəbidir.
 
Orada 
əsgərimizin izi, 
şəhidimizin adı, 
Dövlət başçımızın səsi, 
ulusun nəfəsi var.
 
Qubadlıya 
öz sahibləri qayıdıb, 
insanlıq qayıdıb, 
mədəniyyət qayıdıb, 
quruculuq ruhu qayıdıb.
 
Zəfərin sonu yoxdur!
 
Qubadlı indi yenidən Azərbaycanın dağ ürəyidir.
 
Dövlət babanın oradan gördüyü mənzərənin qarşısını heç bir təbii, siyasi relyef kəsə bilmir; ona görə, Qubadlı, Gündoğar Zəngəzur Türk dünyasının ortaq gələcəyini nümayiş etdirməyə layiqdir.
 
Qubadlıda yüksələn hər qüllə, hər bayraq, hər məktəb bir dövlətin əzmini, bir ulusun iradəsini, bir liderin uzaqgörənliyini əks etdirir.
 
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 
Əkbər QOŞALI
Link kopyalandı!
Son xəbərlər