20–21 oktyabrda Prezident İlham Əliyevin Qazaxıstana həyata keçirdiyi ikigünlük dövlət səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki qardaş ölkə üçün iqtisadiyyat, süni intellekt, beynəlxalq tranzit, enerji və humanitar sahələrdə strateji tərəfdaşlığın və müttəfiqliyin dərinləşdirilməsi və keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi baxımından tarixi əhəmiyyətə malikdir.
Belə ki, səfər zamanı iki ölkə arasında ticarət dövriyyəsinin iki dəfə artırılaraq 1 milyard ABŞ dollarına çatdırılması, hazırda 4,5 milyon ton gücə malik “Orta Dəhlizin” tranzit imkanlarının üç dəfəyədək, Bakı–Tbilisi–Ceyhan marşrutu ilə nəql olunan 1,5 milyon ton Qazaxıstan neftinin həcminin dəfələrlə çoxaldılması, Xəzər dənizinin dibi ilə elektrik və fiber-optik kabellərin çəkilişinin sürətləndirilməsi və yaxın vaxtlarda istismara verilməsi, dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstanın uran məhsullarının Azərbaycan üzərindən Avropa və dünya bazarlarına çatdırılması haqqında əldə olunan razılaşmalar ölkəmizin təkcə regionda deyil, bütün dünyada gücünü və strateji əhəmiyyətini xeyli dərəcədə artıracaqdır.
Diqqəti çəkən məqamlardan biri də Qazaxıstan Prezidenti cənab Tokayevin Azərbaycan Prezidentinin dünyada artan nüfuzunu, Azərbaycanın regional və beynəlxalq siyasətdə aparıcı oyunçuya çevrilməsini, cənab İlham Əliyevin Ermənistanla sülhə nail olunması istiqamətində həyata keçirdiyi tarixi missiyanı xüsusilə qeyd etməsi oldu.
Maraqlıdır ki, cənab Prezident məhz Qazaxıstanda Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını və ilk belə tranzit yükün, Qazaxıstan taxılının Ermənistana daşındığını bəyan etdi və bildirdi ki, bu addım Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun bariz göstəricisidir.
Yenə də Azərbaycan və onun Lideri öz böyüklüyünü nümayiş etdirdi.
Müharibəni qazandıqdan sonra, Ermənistana sülh təklif edən Azərbaycan idi, indi də kommunikasiyaları açan və tranzit məhdudiyyətlərini aradan qaldıran ilk ölkə Azərbaycan oldu. Özü də rifah və bərəkət rəmzi olan taxılın Ermənistana nəql olunmasına razılıq verməklə.
Əlbəttə, bunu yalnız özünə güvənən böyük xalqlar və liderlər edə bilər.
Azərbaycanın atdığı bu addım, eyni zamanda, Ermənistanın Baş naziri və hökumət üzvlərinin bu qərarı yüksək qiymətləndirməsi, ardınca vətəndaş cəmiyyəti fəallarının AZAL-ın təyyarəsi ilə İrəvana səfər etməsi bir tərəfdən, Cənubi Qafqazda sülh və etimad quruculuğunun geridönməz xarakter aldığından xəbər verirsə, digər tərəfdən, regionda gərginliyi və qarşıdurmanı körükləyən revanşistlərin və xarici dairələrin planlarına sarsıdıcı zərbədir.
Azərbaycan bu gün Cənubi Qafqazın yeni tarixini yazır, bu tarix sülhün, sabitliyin və tərəqqinin tarixidir. Bu tarixi yazarkən Azərbaycan həm də nümayiş etdirdiyi siyasi iradə, məsuliyyətli liderliyi və uzaqgörən davranışı ilə bütün dünyaya nümunə göstərir.
Azay Quliyev
Milli Məclisin deputatı