Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İran Prezidentinin siyasi müşaviri Mehdi Sənayi ilə görüşüb.
Moderator.az "Tasnim"ə istinadən xəbər verir ki, Mehdi Sənayi görüş zamanı iki dövlət və xalq arasında olan dərin dostluq əlaqələrinə toxunub, qarşılıqlı səfərləri və əməkdaşlığı münasibətlərin inkişafında dönüş nöqtəsi adlandırıb.
“Ümid edirik ki, iki ölkə arasında birgə layihələrin daha sürətli icrasına mane olan problemlər həll olunacaq və bu layihələr dəqiqliklə tamamlanacaq”, - Sənayi bildirib.
İran rəsmisi Prezident Məsud Pezeşkianın göstərişinə əsasən, İranın qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, İran Prezidentinin Bakıya səfərindən sonra əlaqələrdə irəliləyişlər əldə olunub, lakin hələ də bəzi məsələlər öz yerində qalır.
Xələf Xələfov Tehrana səfərindən məmnunluğunu ifadə edib və ölkələrimiz arasında dərin mədəni-tarixi köklərin mövcudluğundan söz açıb.
O qeyd edib ki, dövlət başçılarının iradəsi nəticəsində Azərbaycanla İranda olan təşkilatlar hərtərəfli əlaqələri genişləndirmək üçün maneələri aradan qaldırmağa çalışırlar.
“Birgə komissiyanın iclasının baş tutması, uçuşların sayının artırılması, İran Milli Bankının Bakı filialının fəaliyyətə başlaması, Bakı-Təbriz aviareysinin açılması kimi razılaşmalar həyata keçirilib. Yerdə qalan razılaşmaların icrası üçün də qarşılıqlı əməkdaşlıqla və mövcud maneələrin aradan qaldırılması istiqamətində çalışırıq”, - Xələf Xələfov vurğulayıb.