Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından çıxarılıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının saytında üzvlərin adları olan bölmə ləğv edilib.
Qeyd edək ki, ötən həftəsonu ölkə mətbuatı Ramiz Mehdiyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edildiyi barədə məlumat yayıb. Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi.
Xatırladaq ki, Mehdiyev bu yaxınlarda cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.