Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı əldə edilmiş razılaşmalar rəsmi Bakının təklif etdiyi şərtlər çərçivəsində icra edilir. Qalib dövlət kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı nələr nəzərdə tutulubsa, onlar həllini tapır və tapmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış siyasət uğur qazanıb".
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
Deputatın fikrincə, Zəngəzur dəhlizi (Tramp marşrutu) məsələsi də əldə edilmiş razılaşmaya uyğun vaxtında və mütləq şəkildə həllini tapacaq: “Bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı sənədlərə uyğun olaraq dəhliz hansı marşrutla müəyyənləşibsə, elə də yekunlaşacaq. Kiminsə onu dəyişməsi, müdaxilə etməsi mümkün deyil. Çünki Vaşinqton sənədləri imzalandıqda açıq şəkildə qeyd edildi ki, bundan geri dönüş yoxdur”.
YAP təmsilçisinə görə, sərhədlərin dəqiqləşməsi ilə bağlı prosesin hazırda Zəngəzur istiqamətində aparılması dəhlizin daha tez işə düşməsinə hesablanıb: “Bu dəhliz nə qədər tez fəaliyyətə başlayacaqsa, Şəqr-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin və bu istiqamətdəki kommunikasiyanın da istifadəsinə imkan yaranacaq. Zaman bunu tələb edir. Dünya ticarəti, əlaqələr artmaqdadır. Məhz bu reallıq tələb edir ki, iqtisadi-ticari əlaqələrin daha intensiv getməsi üçün Zəngəzur dəhlizi kimi marşrutlar işə düşsün”.