ADP vətəndaşları Rusiyadan gözlənilən təhlükəli təhdidlərə hazır olmağa çağırdı...
Siyasət
551
16:42, Bu gün

ADP vətəndaşları Rusiyadan gözlənilən təhlükəli təhdidlərə hazır olmağa çağırdı...

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
 
Partiyanın mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, toplantı iştirakçıları ilk növbədə Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıb. Partiya yetkililəri ABŞ prezidenti D.Tramla Rusiya prezidenti V.Putinin Budapeştdə keçiriləcək görüşünə diqqət çəkib. Keçirilməsi planlaşdırılan görüşdə atəşkəs əldə edilməsi ilə bağlı razılaşmaların mümkünlüyünə ümidvar olduğunu ifadə edən toplantı iştirakçıları beynəlxalq gücləri Ukraynanın ərazi bütövlüyü, suverenliyi uğrunda apardığı mübarizədə onlara dəstək olmağa, işğalçı Rusiyanın daha irticaçı təcavüzkar planlarını önləmək üçün adı çəkilən ölkəyə ciddi təsir göstərmək üçün bir səfdə birləşməyə çağırıb.
 
İdarə Heyəti İngiltərənin Azərbaycan və Ermənistana tətbiq etdiyi silah embarqosunun aradan qaldırılması ilə bağlı qəbul etdiyi qərarı təqdir edib və bu addımın iki dövlət arasında otuz ildən artıq davam edən qanlı müharibənin bitməsi anlamına gəldiyini qeyd etməklə, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin qorunmasına, hər iki dövlətin Rusiyadan gələn təhdidlərə qarşı müdafiə qabiliyyətinin artmasına xidmət edəcəyini diqqət çəkib.
 
İdarə Heyəti MDB ölkələrinin Düşənbədə keçirilən sammitindən sonra bir sıra rus rəsmilərinin, xüsusilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun MDB ölkələrində rus dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib və Rusiyanın özündə MDB ölkələrinə mənsub miqrantların sıxışdırıldığı, rus şovinizminin qabardığı bir vaxtda bu cür çıxışların yalnız Rusiyanın imperialist istəklərinə xidmət etdiyini, hərbi, siyasi vasitələrlə yanaşı dil vasitəsi ilə də MDB ölkələrini öz təsir dairəsinə salmaq istəyindən irəli gəldiyini bildirib və hakimiyyəti Azərbaycanda dövlət büdcəsindən maliyyələşən rusdilli məktəblərin fəaliyyətini dayandırmağa, işə götürmələr zamanı rusdilli vətəndaşlardan Azərbaycan dilindən imtahan verilməsi tələbini irəli sürməyə çağırıb. 
 
İdarə Heyəti Rusiya Xarici İşlər nazirinin müavini M.Qaluzinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında Rusiyanın mühüm yer almasını, sülh sazişinin imzalanma məkanının Rusiya ərazisində gerçəkləşməsinin vacibliyini önə çəkməsi barədə bəyanatını qəbul edilməz hesab edib və bu addımları iki dövlət arasında Vaşinqtonda paraflanan razılaşmaların ruhuna zidd olmaqla, Rusiyanın yenidən Cənubi Qafqazda imperialist niyyətlərinin reallaşması üçün növbəti cəhdi kimi dəyələndirib və hakimiyyəti bu cür sərsəm bəyanatlara adekvat reaksiya verməyə çağırıb.
 
İdarə Heyəti son günlər Prezident Administrasiyasının keçmiş şefi, AMEA-ın sabiq prezidenti Raniz Mehdiyevin haqqında ağır itthamlar sürülərək dindirməyə cəlb edilməsi, barəsində dörd aylıq ev dustaqlığı həbs qətimkan tədbirinin tətbiq edilməsi ilə bağlı məsələyə münasibət bildirib və bu ittihamlar rəsmi təsdiqini tapdığı halda onun haqqında Cinayət Məcəlləsi üzrə tədbirlər görülməsini istisna etməyib. Partiya yetkililəri dövlətin bu günə qədər olan rəsmi reaksiyasının ona qarşı irəli sürülən ittihamlara adekvat olmadığını qeyd edib və bu məsələnin ciddiliyini nəzərə alaraq bəzi qrupların öz rəqiblərini sıradan çıxarmaq üçün fürsət güddüyünü, məsələni bir şəxsin üzərinə yönəltməklə Rusiyanın daha real agentura şəbəkəsinin diqqətdən yaındırılması xarakteri daşıdığı qənaətində olduğunu bildirib, dövlət rəsmilərini gecikmədən məsələyə rəsmi münasibət bildirməyə, vətəndaşlarımızı Rusiyadan gözlənilən daha təhlükəli təhdidlərə hazır olmağa çağırıb.
 
İdarə Heyəti son vaxtlar səhiyyə sistemində baş alıb gedən özbaşınalıq, rüşvətxorluq, vətəndaşları süründürmə halları ilə bağlı məsələyə münasibət bildirib və vətəndaşların icbari sığorta üzrə dövlət xəstəxanalarında pulsuz müayinə olunması barədə imtiyazları olmasına baxmayaraq onlardan rəsmi ödənişlərdən kənar rüşvət tələb edilməsi, xəstələri get-gələ salınması kimi neqativ halları qətiyyətlə pisləyib və bunların imkansız, aztəminatlı ailələr üçün dözülməz vəziyyət yaratdığını bildirməklə hakimiyyəti səhiyyə sistemində olan süründürməçiliyə, rüşvət tələb etmə faktlarına görə ciddi tədbirlər görməyə şağırıb.
 
Link kopyalandı!
Son xəbərlər