Azərbaycan Avropa və Asiya arasında mühüm investisiya körpüsünə çevrilir
Siyasət
278
15:45, Bu gün

Azərbaycan Avropa və Asiya arasında mühüm investisiya körpüsünə çevrilir

Xarici investisiyalar Azərbaycan iqtisadiyyatının dayanıqlı və inklüziv inkişafının, texnoloji transformasiya və qlobal rəqabətqabiliyyətinin artmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, biznes mühitinin liberallaşdırılması, makroiqtisadi sabitlik Azərbaycanın cəlbedici investisiya məkanlarından birinə çevrilməsinə zəmin yaradıb.
 
Bu istiqamətdə əldə olunan uğurlar beynəlxalq müstəvidə də əksini tapıb. İki aparıcı beynəlxalq reytinq agentliyi -"Moody's" və "Fitch" Azərbaycanın kredit reytinqini artırıb. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri ölkəmizin əsas güclü tərəfləri kimi göstərilib və Azərbaycana sərfəli investisiya reytinqi verilib. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin yüksək səviyyədə olduğunu təsdiqləyir.
 
Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaradıb. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344.4 milyard ABŞ dolları həcmində sərmayə qoyulub, bunun əhəmiyyətli hissəsi və ya 213.2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir. Təkcə 2024-cü ildə Azərbaycana 7 mlrd. ABŞ dolları həcmində birbaşa xarici investisiya cəlb edilib.
 
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 13.1 milyard manata yaxın vəsait qoyulub. Bu çərçivədə qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 7% artıb, xarici investisiyaların həcmi 3 milyard manata yaxın olub. Bu sərmayələr ölkəmizdə yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin formalaşmasına, müasir sənaye və logistika infrastrukturunun inkişafına imkan yaradıb.
 
Birbaşa xarici investisiyaların artan dinamikası makroiqtisadi sabitliyin və investor etimadının güclənməsinin aydın göstəricisidir. Azərbaycan strateji coğrafi mövqeyi və iqtisadi islahatlara sadiqliyi ilə Avropa və Asiya arasında mühüm investisiya körpüsünə çevrilir. 2025-ci il sentyabrın 22-23-də keçirilmiş Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin qlobal investorlarla açıq dialoqunu bir daha nümayiş etdirdi. Forumu yeni iqtisadi əməkdaşlıqların başlanğıcı kimi də dəyərləndirmək olar. Prezident İlham Əliyevin himayəsi altında keçirilən forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektoruna yönəldiləcək layihələrə aiddir. Ən diqqətçəkən əməkdaşlıqlar arasında aşağıdakıları qeyd etmək olar:
 
İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Modon Holding"i arasında "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları təşkil edən konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.
 
"Daşkəsən Dəmir Filiz" MMC və Qazaxıstanın "Fonte GreenMet Investments Fund OEIC Limited" investisiya şirkəti arasında imzalanan yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı birgə müəssisənin yaradılmasına dair Sazişə əsasən ölkəmizə təqribən 700 mln. ABŞ dolları dəyərində xarici investisiya yatırılacaq. Yaradılacaq "Azerbaijan Metal Company" MMC illik 2 milyon ton istehsal gücünə malik olacaq. Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi, burada müasir, ekoloji cəhətdən təhlükəsiz texnologiyalardan istifadə olunması nəzərdə tutulub. Qeyd edək ki, yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir - polad istehsalında əsas xammallardan biri sayılır və dünya bazarında yüksək tələbat olan məhsuldur.
 
Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və istismarına dair dəyəri 407 milyon ABŞ dolları olan və xarici investisiya hesabına maliyyələşdirilən Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi imzalanıb. Bu layihə İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt şəhərində gündəlik 300 min kubmetr istehsal gücünə malik dəniz suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi və istismarı nəzərdə tutulur. İnşa ediləcək zavod regionda ilk iri həcmli dəniz suyunu duzsuzlaşdırma müəssisəsi olacaq.
 
Bundan əlavə, Forum çərçivəsində dövlət-özəl tərəfdaşlığı, nəqliyyat və yaşıl texnologiyalar, enerji və sənaye parkları, ixrac və investisiyaların təşviqi, sənaye istehsalı, turizm və səhiyyə kimi sahələrdə xarici investisiyaların cəlbini nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb. Forumda imzalanan sənədlər və əldə edilən razılaşmalar Azərbaycanın açıq, şəffaf və investor dostu iqtisadi mühitə malik olduğunu bir daha təsdiqlədi. Proaktiv siyasət və institusional islahatlar fonunda ölkə həm strateji tərəfdaşlar, həm də transmilli şirkətlər üçün etibarlı və gəlirli investisiya ünvanına çevrilib.
 
Qeyd edək ki, ölkəmizin investisiya mühitini inkişaf etdirmək məqsədilə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, BƏƏ ilə birgə investisiya fondları yaradılıb. Həmçinin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis olunan Türk İnvestisiya Fondu qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır.
 
Bu yaxınlarda isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Omana işgüzar səfəri çərçivəsində Oman İnvestisiya Qurumu ilə Azərbaycan İnvestisiya Holdinqi arasında Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalandı. Birgə Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpaolunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək. Fondun ilkin kapitalı 200 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Yaradılan birgə investisiya fondları Azərbaycanın beynəlxalq tərəfdaşlarla əməkdaşlığını dərinləşdirərək ölkəmizə xarici investisiya axınını gücləndirir, regional iqtisadi inteqrasiyanı və strateji sahələrdə dayanıqlı inkişafı təşviq edir.
 
Təcrübə göstərir ki, sürətli inkişafın əsas drayveri olan birbaşa xarici investisiyalar ölkədə dayanıqlı yeni iş yerləri yaratmaqla yanaşı, yüksəkkeyfiyyətli insan kapitalı formalaşdırır. Həyata keçirilən ardıcıl islahatlar və beynəlxalq tərəfdaşlarla qurulan etibarlı əməkdaşlıq Azərbaycanı innovasiyaların və xarici sərmayənin cəlb edilməsi üzrə nümunəvi modelə çevirir. /Oxu.az/
Link kopyalandı!
Son xəbərlər