Prezident:
Siyasət
1229
10:47, Bu gün

Prezident: "Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 225 milyon dollara çatıb"

"Azərbaycan ilə Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlığın spektri çox genişdir. Biz ticari-iqtisadi qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirərək ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir".

Moderator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Kazinform"a müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, bu tərəqqi məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq və qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi bağlılıq sayəsində mümkün olub.

"Bu günə qədər ölkədə Qazaxıstan kapitalının iştirakı ilə 250-yə yaxın kommersiya qurumu qeydiyyata alınıb ki, bu da investisiya iqliminə yüksək etimad səviyyəsini təsdiqləyir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Müsbət dinamika qarşılıqlı ticarət sahəsində də aydın şəkildə özünü göstərir. Belə ki, 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar-avqust ayları ərzində isə 547 milyon dollara çatıb ki, bu da əvvəlki ilin analoji dövrünün göstəricilərini üç dəfədən çox üstələyir. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat-logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə əlaqədardır.

Bununla yanaşı, Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 225 milyon dollara çatıb, Qazaxıstanın Azərbaycana yatırdığı investisiyalar isə 136 milyon dollar təşkil edib. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlıq və davamlı inkişafda qarşılıqlı marağını göstərir", - Prezident İlham Əliyev qeyd edib.

Link kopyalandı!
Son xəbərlər