Bakıda
Siyasət
1145
17 Oct 2025 | 22:40

Bakıda "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu" tədbiri keçirilib - FOTO - YENİLƏNİB

İqlim və Şəhərsalma Fəaliyyətlərinin D-8 Onillik Yol Xəritəsi ilə Uyğunlaşdırılması məqsədilə ilk dəfə "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu" tədbiri keçirilib.

Moderator.az xəbər verir ki, tədbirin moderatoru, D-8 Direktoru II Punjul Setya Nugrahanın sözlərinə görə, İqtisadi Əməkdaşlıq üzrə İnkişafda olan Səkkizlər Təşkilatı (D-8) üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın, inklüziv artımın və dayanıqlı inkişafın təşviqi üçün mühüm platforma kimi formalaşıb.

D-8 Onillik Yol Xəritəsi (2020-2030) və BMT-nin Dayanıqlı İnkişaf Gündəliyi-2030 tərəfindən istiqamətləndirilən bu proses hazırda ikinci icra mərhələsindədir (2023-2027). Bu mərhələ D-8 daxilində ticarətin genişləndirilməsinə, sektoral əməkdaşlığın gücləndirilməsinə və üzv ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətini və davamlılığını artıran konkret layihələrin həyata keçirilməsinə yönəlib. Lakin iki bir-biri ilə əlaqəli qüvvə - iqlim dəyişikliyi və sürətli urbanizasiya - yol xəritəsinin məqsədlərinə nail olunması üçün ciddi çağırışlar yaradır. Artan temperatur, ekstremal hava hadisələri, ərzaq və su təhlükəsizliyi problemləri, enerji bazarındakı dəyişkənlik, biomüxtəlifliyin itirilməsi, həmçinin sağlamlıq və dolanışıq riskləri D-8 ölkələrində ticarətə, investisiyalara və məhsuldarlığa mənfi təsir göstərir.

Eyni zamanda, D-8 ölkələrində şəhərlər sürətlə genişlənir, bu isə mənzil, enerji, nəqliyyat və infrastruktur üzərində böyük təzyiq yaradır. Bu məsələlər bir-birindən ayrı həll oluna bilməz. Şəhərlər həm iqlim dəyişikliyinin səbəbkarı, həm də onun qurbanıdır: qlobal enerji istehlakının əsas hissəsini və təxminən 70 faiz emissiyanı təşkil edirlər, eyni zamanda iqlim risklərinə qarşı ən həssas məkanlardır. Bununla belə, şəhərlər həm də innovasiya mərkəzləridir - burada bərpa olunan enerji sistemləri, dayanıqlı nəqliyyat, ekoloji mənzillər, iqlimə uyğun kənd təsərrüfatı və dairəvi iqtisadiyyat kimi inteqrə olunmuş həllər sınaqdan keçirilə və genişləndirilə bilər.

D-8 üçün iqlim davamlılığı ilə dayanıqlı şəhərsalmanı uzlaşdırmaq təkcə zərurət deyil, həm də strateji imkandır. Yaşıl şəhər inkişafı investisiyaları cəlb edir, yeni iş yerləri yaradır və dayanıqlı texnologiyalara ticarəti təşviq edir ki, bu da yol xəritəsinin məqsədlərinə birbaşa xidmət edir. Şəhərləri, yəni böyümə və innovasiyanın mühərriklərini - davamlılıq prinsipləri ilə idarə etməklə iqlim fəaliyyətini inklüziv və gələcəyə hazır iqtisadiyyatların əsas hərəkətverici qüvvəsinə çevirmək mümkündür.

Bu çərçivədə, ilk dəfə keçiriləcək D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu bu il Bakıda D-8 Həftəsi zamanı təşkil olunacaq və təşkilat üçün tarixi bir mərhələ olacaq. Tədbir D-8 ölkələrinin nazir, komissar və merlərini bir araya gətirərək milli iqlim və şəhər prioritetlərini ümumi iqtisadi məqsədlərlə uzlaşdırmaq, aşağı karbonlu inkişaf üçün innovativ yanaşmaları müzakirə etmək, yaşıl tərəfdaşlıqları təşviq etmək və D-8-i Qlobal Cənubda iqlimə davamlı şəhərsalma sahəsində aparıcı platforma kimi möhkəmləndirmək məqsədi daşıyır. Bu dialoq, həmçinin D-8-in qlobal səviyyədə tanınmasını artıracaq və təşkilatın innovasiya, davamlılıq və ortaq rifah prinsiplərinə əsaslanan gələcəyə yönəlik, iqlimə həssas iqtisadi blok kimi mövqeyini gücləndirəcək.

Tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, D-8-in Baş katibi, səfir İsiaka Abdulqadir İmam, BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Dayanıqlı Şəhərsalma Bölməsinin rəhbəri Kurt Qarriqan, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Assosiasiya direktoru Tea Melikadze çıxış ediblər.

Umayra Tağıyeva bildirib ki, bu gün iqlimə davamlı gələcək naminə şəhərlərimizi və iqtisadiyyatlarımızı transformasiya etmək məqsədilə mühüm mərhələdəyik. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz COP29-a ev sahibliyi etmək üçün bütün səylərini səfərbər etdi. COP29 zamanı iqlim maliyyəsi sahəsində ciddi irəliləyiş əldə olundu. Tərəflər inkişaf etməkdə olan ölkələr üçün illik maliyyəni üçqat artıraraq 2035-ci ilə qədər 300 milyard dollara çatdırmaq, həmçinin dövlət və özəl mənbələrdən illik 1,3 trilyon dolların səfərbər olunması istiqamətində razılığa gəldilər. Bu, həssas ölkələrin qorunmasına, təmiz enerjinin genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və dayanıqlı iqtisadi artıma mühüm töhfə verəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov çıxışında davamlı şəhərlərin qurulması iqlim fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Bu müzakirənin bir hissəsi olmaqdan və bu vacib gündəlik üzrə D-8 ölkələrinin əməkdaşlığına töhfə verməkdən məmnunuq. Proqnozlara əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 68 faizi şəhərlərdə yaşayacaq. Bu isə şəhərsalmanın daha davamlı, inklüziv və resurslara qənaətli şəkildə etməyi zəruri edir. Bütün ölkələr kimi biz də artan temperatur, təbii ehtiyatların tükənməsi və sürətli şəhər böyüməsi kimi çağırışlarla üz-üzəyik. Lakin bu çağırışlar həm də yeni imkanlar yaradır. Əgər şəhərlərin inkişafını düzgün istiqamətləndirə bilsək, onları iqtisadi artımın, innovasiyaların və rifahın mühüm mühərrikinə çevirə bilərik. Azərbaycanın şəhər siyasətində davamlılıq prinsipləri əsas yer tutur. Biz inanırıq ki, bu istiqamətdə atılan addımlar iqtisadiyyatımızı daha rəqabətqabiliyyətli, cəmiyyətimizi isə daha dayanıqlı edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov deyib ki, Azərbaycanın COP29-a sədrlik dövrü iqlim və şəhərsalma məsələlərinin qlobal gündəlikdə birləşdirilməsi baxımından mühüm mərhələ olub. COP29 çərçivəsində iqlim fəaliyyəti üzrə çoxsektorlu fəaliyyət və təşəbbüsləri əhatə edən Bakı Davamlılıq Koalisiyasını yaratdığını vurğulayan idarə rəisi COP29-un əsas nəticələrindən biri COP29 çərçivəsində keçirilən Şəhərsalma Günündə imzalanan Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) Bəyannaməsinin qəbul edilməsi olduğunu bildirib.

"Bu sənəd 200-dən çox tərəfdaşın və təxminən 60 ölkənin dəstəyi ilə qəbul edilib, həmçinin 100-dən çox şəhər bu təşəbbüsə qoşulub. Bu bəyannamə iqlimlə bağlı yeni çağırışları qlobal planlaşdırma və davamlı inkişaf mexanizmləri ilə uzlaşdırır", - deyə Elmar Məmmədov qeyd edib.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Davamlı Şəhər İnkişafı şöbəsinin rəhbəri Kurt Qarriqan bildirib ki, 2023-cü ildə Koreya Respublikasının Suvon şəhərində keçirilən Asiya-Sakit Okean Şəhər Forumunda 20 üzv dövlət davamlı şəhər inkişafına dair yüksəksəviyyəli kommünike qəbul edib.

"Üzv ölkələr qadınların, gənclərin, əlilliyi olan şəxslərin və həssas qrupların ehtiyaclarına cavab verən inklüziv şəhər siyasətlərini prioritetləşdirməyə, əlverişli mənzil, nəqliyyat və bərpa layihələrinə sərmayəni artırmağa, həmçinin şəhərlər arasında əməkdaşlıq mexanizmlərini gücləndirməyə razılaşıblar", - deyə o bildirib.

K.Qarriqan əlavə edib ki, bu təşəbbüslər artıq BMT-nin hökumətlərarası platformalarına inteqrasiya olunub: "Bu ilin aprelində keçirilmiş UNESCAP-ın 81-ci sessiyasında üzv dövlətlər Asiya və Sakit Okean regionunda davamlı şəhərsalma sahəsində regional əməkdaşlığın təşviqi barədə qətnamə qəbul ediblər".

Xatırladaq ki, cari ilin martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin D-8 İnkişaf etməkdə olan Ölkələr Təşkilatının Baş Katibi ilə Bakıda keçirdiyi görüşdə aparılmış müzakirələrə uyğun olaraq Azərbaycan bu təşkilatda fəal işlər görməkdədir.

D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri keçirilib.

Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzuların D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 Təşkilatının 27 il əvvəl yaradıldığından sonra bu təşkilatın üzvlüyünə qəbul edilmiş ilk ölkə olub. D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, İndoneziya, Banqladeş və Malayziya daxildir.

Hazırda Misir D-8-ə sədrlik edir və 2026-cı il yanvarın 1-dən iki il ərzində İndoneziya D-8-ə sədrlik edəcək. İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edir. Bu rəsmilər, həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak ediblər.

17:07

Azərbaycan Prezidenti cənab İlham Əliyevin D-8 İnkişaf etməkdə olan ölkələr təşkilatının Baş Katibi ilə 4 mart 2025-ci il tarixində Bakıda keçirdiyi görüşdə aparılmış müzakirələrə uyğun olaraq Azərbaycan bu Təşkilatda fəal işlər aparmaqdadır.

Moderator.az xəbər verir ki, bu həftə Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilir.

D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri keçirilir. Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə Təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzularının D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilib. Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 təşkilatının 27 il əvvəl yaradılmasından sonra bu Təşkilatın üzvüyünə qəbul edilmiş ilk ölkə olub. Hazırda D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, Indoneziya, Banqladeş va Malaziya daxildir. Hazırda Misir D-8-ə sədrlik edir və 1 yanvar 2026-cı ildən 2 il ərzində İndoneziya D-8-ə sədrıik edəcəkdir. İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Kommisarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edirlər. Həmçinin D-8 üzv ölkələrindən olan İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və şəhər rəhbərləri həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak ediblər.

Link kopyalandı!
Son xəbərlər