Şahin Mustafayev Araz dəhlizinin əhəmiyyətindən DANIŞDI
Siyasət
543
14 Oct 2025 | 15:40

Şahin Mustafayev Araz dəhlizinin əhəmiyyətindən DANIŞDI

Araz dəhlizi ilə əlaqədar görülən işlər və koridorun əhəmiyyəti açıqlanıb.
 
Bu barədə Baş nazirin müavini Şahin Mustafayev məlumat verib.
 
“Azərbaycanın möhtəşəm qələbəsindən sonra torpaqlarımız işğaldan azad olundu. Bununla regionda yeni geosiyasi vəziyyət yarandı. Eyni zamanda, bu, nəqliyyat-logistika sahəsində yeni, geniş imkanlar yaratdı. Azərbaycan bu imkanlardan istifadə edilməsi üçün dərhal işlərə başladı. İran hökuməti ilə 2022-ci ilin mart ayında müvafiq Anlaşma Memorandumu imzalandı. Bu Memorandum Azərbaycanın Şərqi Zəngəzur bölgəsini İran ərazisi ilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək infrastrukturun yaradılması idi. İlk addım kimi Azərbaycanın Ağbənd və İranın Kəlalə kəndləri yaxınlığında avtomobil körpüsünün tikintisinə başlanıldı. Bu körpünün tikintisi ilin sonuna kimi başa çatacaq. Gömrük və sərhəd infrastrukturunu da müvəqqəti olaraq gələn il Novruz bayramınadək başa çatdırmağı nəzərdə tuturuq. Bununla da yeni Araz dəhlizinin fəaliyyətə başlamasına start veriləcək. Bu dəhliz həm Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə daha qısa yolla əlaqəsini təmin edəcək, həm Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni qolu rolunu oynayacaq. Rusiyadan gələn yükləri Körfəzə kimi daşımağa imkan yaranacaq. Eyni Şərq-Qərb Nəqliyyat Dəhlizinin, Orta Dəhlizin yeni bir qolu olacaq. Bu, Körfəzi Qara dənizlə birləşdirəcək. Ağbənd, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Yevlax, Gürcüstan sərhədi və Qara dənizdən söhbət gedir. Burada həm iqlim, həm də relyef çox əlverişlidir. İlin 365 günü bu dəhlizdən istifadə etmək mümkün olacaq. Beləliklə, Azərbaycan bununla yeni geosiyasi imkanlar əldə edəcək. Bu, iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət göstərəcək. Eyni zamanda, azad olunmuş ərazilərdə aktiv iqtisadi fəaliyyətə imkan yaradacaq. Ora qayıdan keçmiş məcburi köçkünlərin aktiv iqtisadi fəaliyyətinə imkan yaranacaq. Bu dəhliz həm Azərbaycan, həm də qonşu ölkələr, region üçün çox faydalı olacaq”, – Baş nazirin müavini vurğulayıb. /APA/
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər