Bu gün Misirdə dünya diplomatiyasının tarixində mühüm bir səhifə açıldı. ABŞ Prezidenti Donald Trampın şəxsi səyləri və beynəlxalq nüfuzu sayəsində on illərdir davam edən İsrail–Fələstin münaqişəsinə son qoyan tarixi sülh razılaşması imzalandı. İsrail və Həmas arasında iki ildən çox davam edən müharibə, Qəzza bölgəsini bürüyən dağıntı, aclıq və humanitar fəlakət bu gün rəsmi olaraq başa çatdı.
Sülh sənədi İmzalandı , əsirlər ailələrinə qovuşdu.
Tarixi mərasim zamanı ABŞ, Türkiyə, Misir və Qətər liderlərinin iştirakı ilə sülh və atəşkəs sazişi imzalandı. Bu sənəd regionda yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.
Razılaşmaya əsasən, həm israilli, həm də fələstinli əsirlər azad olunaraq ailələrinə qovuşdular. Qəzza bölgəsi beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə yenidən inşa ediləcək, infrastruktur və sosial sahələr bərpa olunacaq.
Bu tarixi mərasimdə dünyanın məhdud sayda aparıcı liderləri ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirakı xalqımız adına qürurvericidir. ABŞ və Misir prezidentlərinin şəxsi dəvəti ilə mərasimə qatılan Prezident İlham Əliyevin orada olması bir neçə səbəbdən tamamilə təbii və qanunauyğundur.
Birinci, ona görə ki, İlham Əliyev dünyanın azsaylı, beynəlxalq nüfuza malik liderlərindən biridir və O, həm müharibdə qalib gəlmiş dövlət başçısı, həm də sülh qurucusu kimi tarixə düşən yeganə Liderdir.
İkincisi, Azərbaycanın sülh quruculuğundakı zəngin təcrübəsi, eləcə də Yaxın Şərqdə artan siyasi və humanitar əlaqələri sülh prosesin gələcəkdə dayanıqlı olmasına mühüm töhfə verə bilər.
Üçüncüsü, Azərbaycan Prezidenti İlham Əliyevin bu prosesdəki simvolik və strateji iştirakı isə ölkəmizin qlobal səviyyədə artan nüfuzunun bariz göstəricisidir.
Bəli, Donald Tramp Yaxın Şərqdə dünyanın ən uzunmüddətli münaqişələrindən birinin həllində həlledici rolu olan şəxs kimi tarixə düşdü. O, həm İsrail, həm bölgə liderləri ilə çətin diplomatik danışıqlara rəhbərlik edərək, əsl vasitəçi və sülh təşəbbüskarı kimi çıxış etdi.
Bu qədər böyük miqyasda sülh və təhlükəsizliyə töhfə vermiş ABŞ Prezidentinə Nobel Sülh mükafatının verilməməsi isə ciddi haqsızlıq hesab olunur. Bu qərar əslində, mükafatın beynəlxalq nüfuzuna və obyektivliyinə də mənfi təsir göstərir.
Nəhayət, Misirdə imzalanan bu saziş yalnız Yaxın Şərq üçün deyil, bütün dünya üçün sülh və sabitlik ümidlərini artırır.
Azay Quliyev,
millət vəkili