ADP İdarə Heyətinin toplantısı keçirilib
Siyasət
713
13 Oct 2025 | 16:16

ADP İdarə Heyətinin toplantısı keçirilib

Partiya Putinin Azərbaycana qarşı imperialist niyyətindən vaz keçmədiyini bildirib…
 
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
 
Moderator.az xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə ötən həftə MDB-nin Düşənbə sammiti çərçivəsində Azərbaycan Prezidenti İ.Əliyevlə Rusiya Prezidenti V.Putin arasında baş tutan görüş ətrafında müzakirə aparıb. Müzakirələrdə bu görüşün iki dövlət arasında son dövrlər yaşanan gərgin münasibətlərin yoluna qoyulması istiqamətində əhəmiyyətli olduğu qeyd edilib. 
 
İdarə Heyəti eyni zamanda V.Putinin MDB-nin Düşənbə sammiti zamanı çıxışında Azərbaycanı rusdilli ölkə kimi dəyərləndirilməsi məsələsinə də münasibət bildirilib. Toplantı iştirakçıları Azərbaycanın türkdilli dövlət olduğu halda V.Putinin bu açıqlamasını kəskin tənqid edib, bu bəyanatın arxasında Putinin Azərbaycana qarşı imperialist niyyətindən vaz keçmədiyi qeyd edilib. İdarə Heyəti bir daha Azərbaycanda dövlət büdcəsi hesabına fəaliyyət göstərən rusdilli məktəblərin bağlanmasının Azərbaycanın suverenliyi və müstəqilliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. 
 
İdarə Heyəti İsrail ilə HƏMAS arasında atəşkəs razılaşması və bu razılama əsasında tərəflər arasında girovların qaytarılması hadisəsini təqdir edib. Baş tutmuş razılaşmanın bölgədə yaşanan humanitar böhranın aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıdığı bildirilib. Eyni zamanda bölgədə ədalətli sülhə nail olmaq naminə Fələstin dövlətinin yaradılmasının, Qəzzada baş verən hərbi cinayətlərin müstəqil beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasının və hərbi cinayətlərə yol vermiş hərbiçilərin beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmasının vacibliyi bir daha vurğulanıb.
 
İdarə Heyəti Türkiyə Prezidenti R.Ərdoğanın türk əsilli əcnəbilərin Türkiyədə hüquqi statuslarının və imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi istiqamətində qərarına da münasibət açıqlayıb. Qəbul edilmiş qərarı təqdir edən toplantı iştirakçıları bu qərarın türkdilli əcnəbilərin Türkiyədə leqallaşmasına böyük töhvə verəcəyini bildirib.
 
İdarə Heyəti ötən həftə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə Nazirlərinin Ankarada baş tutan görüşü ətrafında da fikir mübadiləsi aparıb. Müzakirələrdə bu görüşün Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanıb. 
 
İdarə Heyəti ötən həftə Naxçıvan MR Babək rayonun Nehrəm kənd sakini, 44 günlük Vətən savaşının qazisi Əliyev Vüsal Məhərrəm oğlunun imkansızlıq səbəbindən intihar etməsi hadisəsinə də diqqət çəkib. Baş vermiş hadisəni böyük faciə kimi dəyərləndirən toplantı iştirakçıları aidiyyatı dövlət qurumlarını şəhidlərimizin və qazilərimiz ailələrinin sosial problemlərinin həllinə xüsusi diqqət ayırmağa çağırıb.
 
Link kopyalandı!
Son xəbərlər