Sahibə Qafarova:
Siyasət
363
16:57, Bu gün

Sahibə Qafarova: "Zəngəzur dəhlizi regionda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək"

"Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək".

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülh, təhlükəsizlik və tərəqqi bilavasitə bir-biri ilə əlaqəli olan amillərdir:

"44 günlük Vətən Müharibəsinin 5-ci ildönümünü qeyd etdiyimiz vaxtda Azərbaycan öz fəaliyyəti ilə bunu bir daha təsdiq edir".

Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini bərpa etdiyini və bununla da sülhə aparan yolun təməlini qoyduğunu vurğulayan Milli Məclisin sədri deyib ki, müharibədən dərhal sonra məhz qalib Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi, onun əsas prinsiplərini və müqavilənin layihəsini irəli sürdü.

Sahibə Qafarova xatırladıb ki, aparılan ikitərəfli danışıqların nəticəsi olaraq, bu ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə iki ölkənin xarici işlər nazirləri sülh müqaviləsinin mətnini paraflayıb. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə bəyanat imzalanıb, regional kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edilib.

Spikerin sözlərinə görə, Vaşinqton görüşünün əsas nəticələrindən biri Prezident İlham Əliyevin təşəbbüsü olan Zəngəzur dəhlizinin açılmasıdır:

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun reallaşması ilə Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionumuzda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək".

Milli Məclisin sədri bütün bunların ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyasının, təhlükəsizlik, əməkdaşlıq və tərəqqi naminə gərgin fəaliyyətinin nəticəsi olduğunu xüsusilə vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər