Sülh Mükafatı yoxsa Siyasi Alət? Maçado və Qlobal Strateji Hesablamalar - politoloq Turan Rzayev ilə müsahibə
Siyasət
672
10 Oct 2025 | 21:23

Sülh Mükafatı yoxsa Siyasi Alət? Maçado və Qlobal Strateji Hesablamalar - politoloq Turan Rzayev ilə müsahibə

Nobel Sülh Mükafatının venesuelalı siyasətçi Mariya Korina Maçadona təqdim edilməsi beynəlxalq siyasət arenasında ciddi rezonans doğurub. Qərarın həm ABŞ, həm də digər dünya gücləri üçün strateji əhəmiyyəti, eyni zamanda, onun sülh təşəbbüsü, yoxsa siyasi alət kimi qiymətləndirilməsi məsələsi gündəmdədir.

Bu mövzu ətrafında politoloq Turan Rzayev ilə Maçadonun mükafata layiq görülməsinin geopolitik və ideoloji aspektlərini, eləcə də beynəlxalq reaksiyaları və mükafatın mahiyyətini müzakirə etdik.

Moderator.az həmin müsahibəni təqdim edir:

– Turan bəy, Maçadonun Nobel Sülh Mükafatına layiq görülməsi ABŞ və Donald Trampın Venesuela strategiyasına hansı siyasi üstünlükləri qazandırır?

– Maçadonun Nobel Sülh Mükafatına layiq görülməsi təkcə onun şəxsi fəaliyyəti ilə bağlı deyil. Bu addım ABŞ-ın, xüsusilə də Donald Trampın Venesueladakı strateji oyun planının bir hissəsi kimi görünür. Tramp çevik və strateji düşüncəyə malik siyasətçidir; o, siyasi məqsədlərinə çox vaxt “sülh təşəbbüsləri” pərdəsi altında nail olmağa çalışır.

Məsələn, Ukrayna müharibəsi və Yaxın Şərqdə gərginlik davam etdiyi bir vaxtda Tramp qəfildən Venesuela sahillərində “kartellərlə mübarizə” əməliyyatlarına start vermişdi. Bu əməliyyatların məqsədi Maduro hökumətinin maliyyə dayaqlarını zəiflətmək idi.

Eyni zamanda, Maçadonun Nobel mükafatına layiq görülməsi ABŞ-ın dəstəklədiyi qadın siyasətçini beynəlxalq səviyyədə “ədalət və azadlıq simvolu” kimi tanıtmaqla onun legitimliyini gücləndirir. Bu, həm daxildə, həm də beynəlxalq miqyasda Venesuelada hakimiyyət dəyişikliyi üçün ideoloji zəmin yaradır.

– Nobel Komitəsinin bu qərarına Rusiya və ABŞ tərəfindən verilən reaksiyalar mükafatın beynəlxalq etibarına hansı mesajı verir?

– Rusiya Prezidenti Vladimir Putin Düşənbədəki çıxışında qeyd edib ki, Nobel Komitəsinin bu qərarı mükafatın etibarına ciddi zərbə vurub. Bu, Rusiyanın mövqeyinə görə, qərarın siyasi mesaj daşıdığını göstərir və Qərbin “yumşaq çevriliş diplomatiyası” strategiyasının yeni nümunəsi kimi qəbul edilir.

Digər tərəfdən, Ağ Evin sözçüsü Stiven Çeunq sosial mediada paylaşımında bildirib ki, Nobel Komitəsi “siyasətin sülhdən daha önəmli olduğunu” açıq şəkildə nümayiş etdirdi. Bu iki fərqli yanaşma mükafatın beynəlxalq nüfuzunu ikili şəkildə göstərir: Qərb üçün bu, ideoloji üstünlüyün təzahürüdür, Rusiya və digər tənqidçilər üçün isə siyasi alətə çevrilmiş mükafat nümunəsidir.

– Bəs sizcə, bu mükafat sülh təşəbbüsü kimi, yoxsa siyasi maraqlar üçün verilmiş sayılır?

– Maçadonun Nobel Sülh Mükafatına layiq görülməsi zahirən sülh təşəbbüsü kimi təqdim olunsa da, arxa planda siyasi maraqların və geopolitik hesablamaların dayandığı açıq şəkildə görünür. Rəsmi olaraq, bu qərar onun Venesuelada demokratik dəyişikliklər və insan haqları uğrunda mübarizəsinə əsaslanır. Lakin faktiki olaraq bu addım ABŞ-ın bölgədəki strateji mövqelərini möhkəmləndirməyə xidmət edir.

Maçado Qərb üçün “demokratik mübarizənin simvolu” kimi təqdim olunur, lakin bu, real sülh təşəbbüsündən çox, ideoloji mübarizənin bir hissəsi təsiri yaradır. Nəticə etibarilə, bu mükafat həm beynəlxalq ictimaiyyət üçün sülh və azadlıq mesajı kimi görünür, həm də böyük güclərin maraqlarını “sülh diplomatiyası” adı altında həyata keçirməsinin növbəti nümunəsi sayılır.

1419898
Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər