Siyasət
401
13:02, Bu gün

"Azərbaycan məqsədinə çatdı, haqqı və ədaləti bərpa etdi"

Dünən, oktyabrın 9-da Düşənbədə Prezident İlham Əliyevlə Vladimir Putin arasında baş tutan görüş keçən ilin dekabrın 25-də təyyarəmizin Rusiya səmasında vurulmasından sonra Azərbaycan–Rusiya münasibətlərində yaşanan ciddi gərginliyin və soyuqluğun aradan qaldırılması baxımından mühüm hadisə hesab olunur.
 
Məlum olduğu kimi, AZAL-a məxsus sərnişin təyyarəmizin vurulmasından və nəticədə 39 nəfərin həlak olmasından sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiya tərəfindən haqlı və ədalətli olaraq tələb etdi ki:
 
1.Təyyarə qəzasına görə üzr istənilsin;
 
2. Rusiya hadisəyə görə məsuliyyətini qəbul etsin və  təyyarəmizi vurduğunu etiraf etsin;
 
3. Həlak olanların ailələrinə və zərərçəkənlərə kompensasiya ödənilsin;
 
4. Hadisədə günahı olan şəxslər cəzalandırılsın.
 
Nəhayət, Vladimir Putin 11 ay gecikməli olsa da, Düşənbədə təyyarə qəzası ilə bağlı Azərbaycanın irəli sürdüyü bütün şərtləri və tələbləri qəbul etdi.
 
Yəni, Putun bildirdi ki, təyyarə qəzaya uğrayan zaman baş vermiş hadisəyə görə cənab İlham Əliyevdən üzr istəyib və bu üzrxahlığı Düşənbədə bir daha  təkrar etdi.
 
Hadisəyə görə Rusiyanın məsuliyyətini qəbul edərək təyyarənin Rusiya hərbi hava qüvvələri tərəfindən vurulmasını ilk dəfə etiraf etdi.
 
Qəza nəticəsində həlak olanların ailələrinə və zərərçəkənlərin hamısına kompensasiya ödəniləcəyini bəyan etdi.
 
Və nahəyət, bu faciəyə səbəb olan və təyyarəmizə atəş açan günahkarların əməllərinə hüquqi qiymət veriləcəyini, onların cəzalandırılacağını bildirdi.
 
Rusiya prezidentinin bu açıqlaması bəlli həqiqəti bir daha hamıya xatırlatdı:
 
Azərbaycanla yalnız qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və dostluq əsasında münasibətlər qurmaq mümkündür.
 
Azərbaycan xalqının milli heysiyyatı və milli maraqları mövzu bais olanda, bizə qarşı hörmətszilik və  haqsızlıq ediləndə, bu hərəkətlərin heç biri cavabsız qalmır.
Azərbaycan xalqını və dövlətini heç kim küçümsəyə, onunla təhdid və şantaj dilində danışa bilməz.
 
Qarşı tərfədə duranın kimliyindən asılı olmayaraq, Prezident İlham Əliyev milli məsələlərdə heç vaxt heç kimə güzəştə getməyib, milli maraqlarımız uğrunda hər zaman qətiyyətlə və  sona qədər mübarizə apararaq istədiyinə nail olub.
 
Elə uzun zaman Azərbaycana qarşı düşmən mövqedə olan Fransa prezdienti Makronun da oktyabrın 2-də Kopenhagendə Prezident Əliyevlə görüş istəməsi və əvvəlki qərəzli mövqeyindən geri çəkilərək Azərbaycanla münasibətləri bərpa etmək istədiyini bildirməsi dediklərimin başqa bir sübutudur.
 
Putinin bu addımı isə şübhəsiz ki, həm Rusiya, həm də Azərbaycan üçün qarşılıqlı maraqlara xidmət edən rasional qərardır.
 
Bu hadisə eyni zamanda, iki ölkə arasında münasibətlərin pozulmasına çalışan dairələrə, çirkin kampaniyaların müəlliflərinə və təşkilatçılarına ciddi və gözlənilməz cavab oldu.
 
Azərbaycan məqsədinə çatdı, haqqı və ədaləti bərpa etdi.
 
Azay Quliyev,
millət vəkili
 
Link kopyalandı!
Son xəbərlər