Bizi sosial şəbəkələrdən izləyin:
Partiya hökuməti sosial yönümlü siyasət həyata keçirməyə çağırıb…
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
Toplantı iştirakçıları ilk növbədə 06-07 oktyabr 2025-ci il tarixlərində Azərbaycanda Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan 12-ci Zirvə görüşü ətrafında müzakirələr aparıb. Müzakirələrdə bu zirvə görüşünün türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət etdiyi qeyd edilib, eyni zamanda bu tipli görüşlərdə təşkilata üzv olan ölkələrin daxilindəki problemlərin həlli, xalqların mədəni və siyasi həyat səviyyəsinin yüksəldilməsi istiqamətində də müzakirələrin aparılmasının vacibliyi qeyd edilib.
İdarə Heyətində qonşu Gürcüstanda 04 oktyabr 2025-ci il tarixində keçirilən bələdiyyə seçkilərindən sonra yaranmış siyasi gərginlik ətrafında da müzakirələr aparılıb. Müzakirələrdə Gürcüstandakı hadisələrin dinc və demokratik qaydada inkişafının bölgə dövlətlərinin qarşılıqlı inteqrasiyası üçün vacibliyi qeyd edilib. İdarə Heyəti Gürcüstanda yaşayan soydaşlarımızı hər cür zorakılıqdan imtina etməyə və təxribatlara uymamağa dəvət edib. Eyni zamanda qeyd edilib ki, azərbaycanlıların Gürcüstanın hakimiyyət orqanlarında təmsilçiliyi istiqamətində Azərbaycan hökuməti səylərini davam etdirməlidir.
İdarə Heyəti bir daha ölkədə ictimai nəqliyyatda gediş haqlarının artırılmasından və ölkədə həyat səviyyəsinin durmadan çətinləşməsindən dolayı cəmiyyətdə yaranmış haqlı narazılıqlara diqqət çəkib. İdarə Heyəti hökuməti mövcud narazılıqları nəzərə alaraq əmək haqlarını artırmağa, aztəminatlı ailələrə və əhalinin həssas qruplarına yönəlik sosial yönümlü siyasət həyata keçirməyə çağırıb.
İdarə Heyəti son zamanlar Kremlin təbliğat simalarının davamlı olaraq Azərbaycana qarşı qarayaxma və təhdid xarakterli təbliğatına bir daha münasibət bildirib. Baş verənləri Azərbaycana qarşı düşmənçilik siyasəti kimi dəyərləndirən müzakirə iştirakçıları bu tipli ritorikanın yolverilməz olduğunu, iki dövlət arasındakı münasibətlərin daha da gərginləşməsinə xidmət etdiyini bildirib.
İdarə Heyəti Qəzzada atəşkəsin əldə olunması ilə bağlı ABŞ prezidenti D.Trampın səylərini alqışlayıb, bölgədə ədalətli sülhə nail olmaq naminə Fələstin dövlətinin yaradılmasının, Qəzzada baş verən hərbi cinayətlərin müstəqil beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasının və hərbi cinayətlərə yol vermiş hərbiçilərin beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmasının vacibliyini bildirib.