Kreml maskasını tam çıxardı:
Siyasət
320
09:38, Bu gün

Kreml maskasını tam çıxardı: "Azərbaycanı rəsmən düşmən dövlət kimi tanıyaq" 

Rusiyada özünü “hüquq müdafiəçisi” adlandıran, amma əslində Kremlin ideoloji aparatının sadiq təmsilçisi olan Kirill Kabanov növbəti dəfə Azərbaycanı hədəfə alıb. “The Duran” adlı verilişdə çıxış edən Kabanov açıq şəkildə bildirib ki, Rusiya artıq Azərbaycanı “düşmən dövlət” kimi tanımalı, ölkədəki azərbaycanlı diasporlarını dağıtmalı, hətta Azərbaycana aid bütün abidələri sökməlidir.

O, sərsəm və nifrət dolu çıxışında iddia edib ki, guya “Azərbaycan Ukraynaya qırıcı təyyarələr göndərir və orada rus əsgərlərini öldürür”:

“Doğrudanmı, insanlar iqtisadiyyatdan daha az önəmlidir?” – deyə Kabanov etiraz edib.

Kabanov bununla da kifayətlənməyib, Rusiyadakı Azərbaycan diasporunu açıq şəkildə hədəfə alaraq “mədəniyyətlə məşğul olun, siyasətə qarışmayın, çünki onlar başqa dövlətlərin maraqlarını müdafiə edirlər” kimi ifadələrlə millətimizi aşağılayıb.

Bu açıqlama tək bir şəxsin emosional bəyanatı deyil – bu, Kreml ideoloqlarının planlı xəttidir. Kabanovun çıxışı, Rusiyanın daxilində getdikcə güclənən anti-Azərbaycan ritorikasının bir parçasıdır.

Kremlin idarə etdiyi ideoloji hücum xətti

ftcms534d2861-a42f-4e5c-9e73-87c.jpg (246 KB)

Əslində Kabanovun bu ritorikası Moskvanın təbliğat maşınının bir parçasıdır. Bu tip “vətənpərvər” görünüşlü ideoloqlar birbaşa Kremlin daxili siyasət və ideoloji müharibə kuratoru Sergey Kiriyenko tərəfindən yönləndirilir. Məqsəd aydındır – Azərbaycan dövlətinə qarşı informasiya təzyiqini artırmaq, ictimai rəyə təsir göstərmək və Moskvanın gələcək düşmənçilik addımlarına zəmin hazırlamaq.

Bu, artıq təkcə söz müharibəsi də deyil. Kabanov kimi şəxslərin ritorikası ilə eyni vaxtda Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı hüquqi və inzibati təqiblər güclənib. Bir çox tanınmış diaspor təmsilçiləri qanunsuz saxlanılır, biznesləri müsadirə olunur, bəziləri isə – Səfərov qardaşlarının timsalında – fiziki zorakılıq və qətlə qədər uzanan təzyiqlərə məruz qalır.

Bu hadisələr Moskvanın Azərbaycana qarşı yeni tipli ideoloji müharibəsinin tərkib hissəsidir. Məqsəd həm diaspora institutunu sarsıtmaq, həm də ölkə daxilində Azərbaycanla bağlı mənfi rəy formalaşdırmaqdır.

Təyyarə hadisəsindən başlayan açıq düşmənçilik

1740899826_a2d8c071-a859-38f5-95.jpg (226 KB)

2024-cü ilin dekabrında Rusiyanın Müdafiə Nazirliyinə tabe qüvvələrin Qroznı üzərində Azərbaycan Mülki Aviasiyasına məxsus təyyarəni vurması iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. O hadisə Moskvanın münasibətindəki maskanı tam çıxardı: üzr istəmək, kompensasiya ödəmək, günahkarları cəzalandırmaq əvəzinə, Kreml əksinə, anti-Azərbaycan ritorikasını sərtləşdirməyi seçdi.

Bu da o deməkdir ki, Rusiya artıq təkcə diplomatik münasibətləri pozmur, Azərbaycanı bütövlükdə hədəf kimi müəyyənləşdirib. Kabanovun çıxışları həmin xəttin ideoloji ifadəsidir – bu, Rusiyanın “yeni siyasəti”nin səsini daşıyır.

200 illik düşmən obrazı və imperiya genetikası

1614618689.jpg (143 KB)

Tarix göstərir ki, Rusiya imperiyası 200 ildir Qafqazda öz maraqlarını qorumaq üçün xalqları bir-birinə qarşı qoyur. İndi isə eyni imperiya instinkti yenidən işə düşüb – Azərbaycanın müstəqil siyasət yürütməsi, Türkiyə ilə strateji ittifaqı, Qərblə enerji əməkdaşlığı Moskva üçün “bağışlanmaz günah” sayılır.

Bu gün Rusiya təcrid olunmuş, zəifləyən və öz beynəlxalq məğlubiyyətini yeni düşmən axtarışları ilə ört-basdır etməyə çalışan dövlətdir. Ukraynaya qarşı başlatdığı mənasız və qanlı müharibə Kreml hakimiyyətini həm siyasi, həm iqtisadi, həm də mənəvi müstəvidə çökdürüb. Artıq Rusiya “özünü qorumaq” üçün deyil, başqalarını qorxutmaq üçün yaşayır.

Lakin bu cəhdlər bir fayda vermir – Kreml indi dünyanın pis yuxusuna çevrilib. Hər kəs ondan “oyanmaq” və bu kabusdan qurtulmaq istəyir.

Kirill Kabanovun bəyanatı tək bir şəxsin dili ilə səslənmiş düşmənlik deyil – bu, Kremlin rəsmi ideoloji kursunun səsidir. Maskalar artıq düşüb. Rusiyanın “faşist hüquq müdafiəçisi” obrazı onun gerçək simasını gizlədə bilmir.

Bu sima 200 ildir eyni qalır – Azərbaycanı təzyiqlə, hədə ilə, ideoloji manipulyasiya ilə əyməyə çalışan bir imperiyanın siması. Amma bu dəfə o imperiya tənəzzül dövründədir.

Azərbaycan isə güclənir, müstəqildir və bu cür qara ritorikalara boyun əyməyəcək qədər təcrübəlidir. /Musavat.com/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər