Rusiyanın paytaxtı Moskvada keçirilən Azad Ticarət Sazişinin İcrası üzrə Birgə Komitənin birinci iclasının sonunda İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) 2025-2028-ci illəri əhatə edən əməkdaşlıq üzrə yol xəritəsi imzalayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Sənəd İranın sənaye, mədən və ticarət naziri Seyid Məhəmməd Atabək və Aİİ-nin ticarət naziri İqor Slepnyov tərəfindən imzalanıb. Yol xəritəsi İran və ittifaqın beş üzv dövləti arasında ticarət və iqtisadi əməkdaşlığın gələcək çərçivəsini müəyyənləşdirir.
Slepnyov mətbuat brifinqində bildirib ki, sənəd nəqliyyat, logistika və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini, həmçinin gömrük sahəsində islahatları əhatə edir. O əlavə edib ki, tərəflər "yaşıl gömrük dəhlizləri"nin yaradılması, rəqəmsallaşma və elektron tranzitə keçidlə bağlı razılığa gəliblər.
Aİİ rəsmisinin sözlərinə görə, bu addımlar İran bazarına məhsul ixracını sürətləndirməklə yanaşı, region ölkələrinin şirkətlərinə də əlavə imkanlar yaradacaq.