Sentyabrın 23-də Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Parisdə illik səfirlər toplantısı keçirilib.
Moderator.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ölkəmizin 2025-2026-cı illər üzrə təşkilata prezidentliyinin nümayəndəsi qismində tədbirdə iştirak edib. Diplomat çıxışında əsas diqqəti ölkəmizin bu önəmli beynəlxalq nəqliyyat platformasındakı sədrliyinin prioritet istiqamətlərinə yönəldib.
Diqqətə çatdırılıb ki, Azərbaycan hazırda qlobal nəqliyyat ictimaiyyətinin önəmli tərəfdaşı qismində həm regional, həm də beynəlxalq miqyasda nəqliyyat şərtlərinin daha da yaxşılaşdırılması, bu sahədə mövcud çağırışların qarşısının alınması üçün bütün imkanları dəyərləndirir.
Ölkəmizin Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyi dövründə strateji nəqliyyat dəhlizlərinin inteqrasiyası vasitəsilə beynəlxalq nəqliyyat bağlantılarının daha da gücləndirilməsi istiqamətində çalışacağı qeyd edilib. Bu xüsusda tədbir iştirakçılarına Şərqlə Qərbi birləşdirən, önəmli və etibarlı multimodal yol olan Orta Dəhlizin inkişafı üçün ölkəmiz tərəfindən görülən işlər barədə məlumat verilib. Vurğulanıb ki, Orta Dəhlizin potensialından tam istifadə yalnız qlobal nəqliyyatı deyil, ölkələr arasında ticarəti də asanlaşdıracaq. Bununla əlaqədar olaraq, Zəngəzur dəhlizinin (TRIPP) fəaliyyəti Çin ilə Avropa arasında mal mübadiləsinin inkişafına təkan verəcək.
Azərbaycanın BNF-yə prezidentliyi dövründə prioritetləri sırasında təşkilatın coğrafiyasının genişləndirilməsi, yeni üzvlərin foruma qoşulmasının təşviq edilməsi, həmçinin inklüziv ictimai nəqliyyat sisteminə malik şəhərlərə ağıllı keçid siyasətinin tətbiqi qeyd olunub. Bildirilib ki, Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumundakı prezidentliyi 2026-cı ilin may ayında keçiriləcək nazirlər görüşü ilə yekunlaşacaq. Bu yüksəksəviyyəli tədbirin nəticəsi olaraq beynəlxalq nəqliyyat bağlılığının rəqəmsallaşdırılması, eləcə də şəhər nəqliyyatının inkişafı istiqamətində sənədlərin qəbulu gözlənilir.
Qeyd edək ki, tədbirdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin “Azərbaycanın BNF sədrliyinin ilk 100 günü” adlı məktubu iştirakçıların diqqətinə çatdırılıb.