Partiya Bakı sakinlərinə kompensasiya verilməsinin vacibliyini bildirir...
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
Moderator.az xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə son zamanlar Ermənistanda Qarabağ separatçılarının nümayəndələri tərəfindən Azərbaycana qarşı ərazi iddiaları ilə yenidən çıxış etmələri ətrafında müzakirə aparıb. Müzakirələrdə qeyd edilib ki, baş verənlərin arxasında Rusiya faktoru dayanır, Azərbaycana təzyiq üçün “Dağlıq Qarabağ” məsələsini yenidən gündəmə gətirməyə cəhd edir, eyni zamanda Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa çalışır. İdarə Heyəti baş verənlərin qarşısının alınması məqsədilə Azərbaycan dövlətinə qarşı cinayət törətmiş erməni əsilli keçmiş Azərbaycan vətəndaşlarının Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı Ermənistan qarşısında məsələ qaldırılmasının vacibliyini qeyd edib.
İdarə Heyəti ötən həftə Birləşmiş Ərəb Əmirliyinin Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşa şəhərində iki dövlət arasında imzalanmış bir sıra müqavilələrin, xüsusilə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Bigə Bəyannaməni”ni təqdir edib, bunu müsəlman dünyası ilə Azərbaycanın əlaqələrinin inkişaf etdirilməsi və İslam həmrəyliyi baxımından müsbət addım kimi qiymətləndirib. İdarə Heyəti eyni zamanda bir sıra beynəlxalq tədbirlərin, o cümlədən xarici dövlət başçılarının Qarabağda qarşılanmasını və həmin ərazilərə səfərlərinin təşkil olunmasını da təqdir edib, Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından bu ənənənin davam etdirilməsini məqsədə müvafiq hesab edib.
İdarə Heyətində Rusiyanın son günlər bir sıra Avropa dövlətlərinin hava məkanlarına hərbi müdaxiləsi ətrafında da müzakirələr aparılıb. Müzakirələrdə Rusiyanın təxribat xarakterli əməlləri Ukrayna-Rusiya münaqişəsinin Avropa-Rusiya münaqişəsinə çevirmək cəhdi kimi dəyərləndirilib. Rusiyanın bu hərəkətlərini qətiyyətlə pisləyən toplantı iştirakçıları, baş verənləri dünyada təhlükəsizlik üçün risklər yaratdığını qeyd edərək, Qərb və Avropa dövlətlərini Rusiyanın bu tipli hərəkətlərinə qarşı sərt və ciddi tədbirlər görməyə çağırıb.
İdarə Heyəti İsrail-Fələstin münaqişəsi ətrafında da fikir mübadiləsi aparıb. Müzakirələrdə son zamanlar bir sıra Avropa dövlətlərinin də Fələstini rəsmən dövlət kimi tanıması təqdir edilib, bu münaqişənin BMT qərarına uyğun olaraq iki dövlət prinsipi ilə nizamlanmasının vacibliyi bildirilərək, digər dövlətlər də analoji mövqedən çıxış etməyə dəvət edilib. İdarə Heyəti Müzakirələrdə eyni zamanda Netanyahu hökumətinin Qəzzada dinc insanların kütləvi ölümü ilə nəticələn hərbi əməliyyatlarının dərhal dayandırılmasının zəruriliyini qeyd edərək, Netanyahu hökumətinin Qəzzada törətdiklərinin Hitlerin ikinci dünya müharibəsində törətdiklərinə haqq qazandırdığını bildirib.
İdarə Heyəti son zamanlar Gürcüstanda tarixi dədə-baba torpaqlarında yaşayan azərbaycanlılara qarşı milli-etnik zəmində baş verən ayrı-seçkilik siyasətinə də diqqət çəkib. İdarə Heyəti bu tipli hadisələrin Cənubi Qafqazda yeni gərginlik ocaqlarının yaranmasına gətirib çıxara biləcəyini nəzərə alaraq, soydaşlarımıza qarşı ayrı-seçkilik siyasəti aparan məmurlara qarşı Gürcüstan hökuməti tərəfindən ölçü götürülməsinin vacibliyini bildirib.
İdarə Heyəti SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadənin korrupsiya və külli miqdarda mənimsəmə faktlarına görə həbs olunması hadisəsinə də münasibət bildirib. İdarə Heyəti hesab edir ki, baş verənlər Azərbaycan hakimiyyətində nəzarətdən kənar cinayətkarlıqla məşğul olan və sərbəst fəaliyyət göstərən məmurların mövcudluğunu göstərir, həmin məmurlara dövlətin nəzarət orqanları, eyni zamanda həmin idarələrin tabe olduqları qurumlar nəzarət etmir. Baş verənləri idarəçilikdə şəffaflığın olmaması və kadrların qapalı dairələrdən təyin olunması ilə əlaqələndirən müzakirə iştirakçıları, bu cinayətin vaxtında qarşının alınmasına məsul olan məmurların da məsuliyyətə cəlb edilməsinin, eyni zamanda digər dövlət orqanlarında anoloji yoxlamalar aparılmasının vacibliyini bildirib.
İdarə Heyəti uzun illərdir paytaxt sakinlərinin haqlı narazılığına baxmayaraq, Formula-1 yarışlarının Bakıda keçirilməsinin 2030-cu ilə kimi uzadılmasını tənqid edib. Belə bir qərarın verilməsində paytaxt sakinlərinin rəyinin nəzərə alınmamasını yanlış addım kimi dəyərləndirib, bu yarışmanın keçirildiyi ərazidə yaşayan paytaxt sakinlərinə onların gündəlik həyat tərzinə mənfi təsirlərindən dolayı kompensasiya verilməsinin vacibliyini qeyd edib.
İdarə Heyəti sonda partiyanın bundan sonrakı fəaliyyətində iqtidar-müxalifət platformasında iştirakının məqsədə müvafiqliyi ətrafında müzakirələrini də davam etdirib. Bu məsələnin partiyanın digər strukturlarında müzakirə olunması və Ali Məclisin növbəti sesiyasında müzakirəyə çıxarılması tövsiyyə edilib.