Çin qlobal siyasət məkanında artıq yalnız güclü rəqib deyil, həm də vazkeçilməz siyasi iradə mərkəzi statusunu möhkəmləndirir... Ağ Ev və Kremlin eyni vaxtda rəsmi Pekinin qlobal təsir imkanlarını qəbul etməsi ikiqütblü düzənin daha da dərinləşərək, fərqli məzmun aldığını təsdiqləyir...
Dünyanın siyasət məkanında paralel qlobal proseslər Çinin mərkəzi rolunu getdikcə daha çox ön plana çıxarır. ABŞ prezidenti Donald Trampın Çin lideri Si Tsinpinlə “məhsuldar” telefon danışığını elan etməsi ilə eyni günlərdə Kremlin rəsmi Pekinlə birlikdə İranın nüvə probleminin həlli üçün yeni təşəbbüs hazırladığını açıqlaması qətiyyən təsadüfi deyil. Bu iki məsələ əslində, Çin diplomatiyasının paralel xarakterli strateji kursunu göstərir. Yəni, rəsmi Pekin bir tərəfdən ABŞ-la münasibətləri idarə etməyə, digər tərəfdən isə Rusiya ilə Qərbə alternativ qlobal koalisiya qurmağa cəhd göstərir.
Onu da qeyd etmək lazımdır ki, Tramp–Si Tsinpin danışıqlarının qlobal məkanda ciddi mesajlar kimi qəbul edildiyi də diqqətdən yayınmır. Belə ki, ABŞ prezidenti Donald Tramp açıqlamasında Çin lideri ilə danışıqlarda qarşılıqlı ticarət münasibətləri, fentanil böhranı, Ukrayna savaşının sona çatdırılma zərurəti və Tik-Tok sazişi kimi mövzuları gündəmə gətirib. Və iki supergücün lideri arasında müzakirə üçün məhz bu mövzuların seçilməsi qətiyyən təsadüfi deyil.
Məsələ ondadır ki, bu iki nəhəng dövlət arasında uzun müddətdən bəri iqtisadi və texnoloji xətt üzrə ciddi problemlər yaşanır. Ancaq Tik-Tok məsələsində “irəliləyiş”in əldə olunması ABŞ-Çin rəqabətində tərəflərin tam qarşıdurmadan yayınmaq niyyətini göstərir. Hər halda, Ağ Ev sahibi Donald Tramp Çinlə gərginliyi “idarə olunan rəqabət” modelinə uyğunlaşdırmaq istəyir.
Maraqlıdır ki, ABŞ və Çin arasında geopolitik məzmun daşıyan ziddiyyətlər də mövcuddur. Belə ki, bu istiqamət üzrə Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinin dayandırılması prosesində rəsmi Pekinin Kreml üzərindəki təsirindən yararlanmaq niyyəti daha ön plana çıxır. Və ABŞ bununla əslində, Çini Ukrayna münaqişəsində “vasitəçi” roluna doğru yaxınlaşdırmağa israrla cəhd göstərir.
Digər tərəfdən, ABŞ və Çin arasında siyasi-diplomatik təmasların mövcud dinamikası da diqqəti çəkir. Xüsusilə də qarşılıqlı rəsmi səfərlər barədə razılaşmalar iki ölkə arasında gərgin və amansız rəqabətin nisbətən “yumşaldılma mexanizmi” kimi qəbul edilir. Və beləliklə, Tramp administrasiyası Çini həm qlobal rəqib, həm də beynəlxalq problemlərin həllində zəruri tərəfdaş kimi təqdim etməyə çalışır.
Bütün bunlara paralel olaraq, Rusiya və Çin İranın nüvə proqramına dair yeni siyasi-diplomatik təşəbbüs hazırladıqlarını rəsmən elan ediblər. Rusiyanın BMT-dəki nümayəndəsi Mixail Ulyanovun sözlərinə görə, Avropa Birliyinin mövcud yanaşmaları nizamlama proseslərini bloklayır, Rusiya və Çin isə alternativ çıxış yolları təklif etməyə hazırdır.
Ancaq Qərb siyasi dairələrində əsas qənaətlər ondan ibarətdir ki, İranın nüvə proqramının nizamlanma prosesinin məhz Moskva-Pekin xəttində təqdim olunması, həm də ABŞ və Avropa Birliyinin sanksiya siyasətinə qarşı balansın pozulma məqsədi daşıyır. Çünki rəsmi Pekin bu təşəbbüs çərçivəsində həm Rusiya ilə strateji tərəfdaşlığı möhkəmləndirir, həm də Yaxın Şərqdə “alternativ vasitəçi” kimi öz rolunu artırır. Və bu məsələ ətrafında cərəyan edən proseslər hazırda Qərbin geopolitik maraqlarına problemlər yaradır.
Göründüyü kimi, rəsmi Pekin iki prosesin üzərindən hazırda paralel strategiya yürüdür. Bir tərəfdən, ABŞ ilə qarşılıqlı münasibətlərdə iqtisadi-siyasi riskləri minimuma endirməyə, sərt rəqabəti idarəolunan çərçivədə saxlamağa çalışır. Digər tərəfdən isə Rusiya ilə münasibətlərdə ABŞ və Qərbin yaratdığı boşluqlardan istifadə edib, alternativ diplomatik platformalar formalaşdırmağa cəhd göstərir. Yəni, Çin həm ABŞ-la qarşıdurmanı “idarəolunan rəqabətə” çevirmək istəyir, həm də Rusiyayla birgə “Qərbdən kənar qlobal diplomatiya” düşərgəsi quraraq, özünü ikiqütblü dünyanın əsas dayağı kimi göstərir.
Bütün bunların kəskin ziddiyyətləri aşmaqda çətinlik çəkən iştirakçı tərəflər üçün müəyyən geopolitik nəticələri gözlənilir. Belə ki, Ağ Ev Çini qlobal problemlərin həllində mümkün tərəfdaş kimi göstərməklə, daxili və xarici siyasət məkanında ABŞ üçün “pragmatik liderlik” mesajı verir. Rusiya İranla bağlı təşəbbüslər vasitəsilə Qərbin təzyiqlərinə qarşı rəsmi Pekinlə ortaq müdafiə xətti qurmağa çalışır. Rəsmi Pekin isə paralel diplomatiya ilə Çin üçün həm “ABŞ-ın zəruri tərəfdaşı”, həm də “Rusiyanın strateji dayağı” obrazını formalaşdırır.
Beləliklə, Tramp–Si Tsinpin arasında pozitiv məzmunlu telefon danışığı və Moskva–Pekin tandeminin İran təşəbbüsü onu göstərir ki, Çin artıq qlobal siyasət məkanında yalnız güclü rəqib deyil, həm də vazkeçilməz vasitəçi statusunu da möhkəmləndirir. Ağ Ev və Kreml eyni vaxtda rəsmi Pekinin qlobal təsir imkanlarını qəbul etməyə məcbur qalmış kimi görünürlər. Bu isə ikiqütblü qlobal düzənin daha da dərinləşərək, fərqli məzmun qazanmaqda olduğunu təsdiqləyir. Və bütün bunların sayəsində indi Çin həm ABŞ-la əməkdaşlıq edərək, qlobal böhran məkanlarını idarə etmək, həm də Rusiya ilə birlikdə Qərbə alternativ siyasi-diplomatik platformalar qurmaq imkanları qazanıb.
"Yeni Müsavat"