ADP Rusiyanı Azərbaycana qarşı imperial münasibətdən əl çəkməyə çağırıb…
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Moderator.az xəbər verir ki, toplantıda ötən həftə ərzində baş verən ictimai və siyasi hadisələr müzakirə olunub. Toplantı iştirakçıları ilk növbədə Azərbaycanla Rusiya arasında olan münasibətlərin gərginliyi ilə bağlı geniş müzakirə aparıb.
Müzakirələr zamanı ötən həftə ərzində də Rusiyanın bir çox rəsmi və qeyri-rəsmi dairələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən bəyanatların səsləndirilməsi qətiyyətlə pislənilib. Kremlin siyasi ideoloqlarından sayılan Aleksadr Duqin tərəfindən Rusiyada müsəlmanların zorakı yolla xristianlaşdırmağa edilən çağırışların İslam dəyərlərinə hörmətsizlik, Kremlin işğalçılıq siyasətinin ruporlarından biri teleaparıcı Solovyovun və başqalarının Azərbaycana qarşı xüsusi əməliyyatın keçirilməsinə, Azərbaycanı paçalayaraq İrana verilməsinə yönəlik çağırışların isə beynəlxalq hüquq normalarına, o cümlədən 22 fevral 2022-ci il tarixində Azərbaycanla Rusiya arasında imzalanan “Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə”nin prinsiplərinə zidd olduğu qeyd edilib, eyni zamanda Rusiyanı adı çəkilən Bəyannamənin prinsiplərinə uyğun olaraq həmin şəxslər barəsində qanuna müvafiq qaydada tədbir görməyə çağırıb.
İdarə Heyəti Azərbaycanla Rusiya arasında düşmənçilik münasibətlərinin formalaşmasını hər iki dövlətin maraqlarına zidd olduğunu vurğulayaraq, bu günkü münasibətlərin pozulmasının səbəbinin məhz Rusiyadan qaynaqlandığını qeyd edib. İdarə Heyəti Rusiyanı Azərbaycana qarşı imperial münasibətdən əl çəkməyə çağırıb və bir daha Azərbaycanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu bildirib.
İdarə Heyəti ötən həftə ATƏT-in Minsk qrupunun sentyabr ayının 1-dən ləğv olunması və onun struktur bölmələrinin cari ilin dekabr ayının 1-ə kimi bağlanacağı ilə bağlı təşkilatın Nazirlər Şurası tərəfindən verilən qərarı təqdir edib, bu hadisəni Azərbaycan-Ermənistan arasında sülhə doğru gedən yolda əhəmiyyətli addım kimi dəyərləndirib.
İdarə Heyəti həmçinin ötən həftə Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində baş tutan təmaslar ətrafında da müzakirə aparıb. Baş tutmuş təmasları və iki dövlət arasında sülhün əldə edilməsi istiqamətində müsbət proseslərin inkişafını alqışlayıb, bu istiqamətdə təmasların davam etdirilməsinin, bölgədə sülhə və əmin-amanlığa nail olunması baxımından Azərbaycan-Ermənistan arasında münasibətlərin yeni səviyyəyə qaldırılmasının əhəmiyyətli olduğunu qeyd edib.
İdarə Heyəti ötən həftə Şanxay Əməkdaşlıq Sammitində Azərbaycanın həmin təşkilata üzvlüyünə Hindistan tərəfindən blok qoyulması məsələsinə də diqqət çəkib. İdarə Heyəti Azərbaycanın adı çəkilən təşkilata üzv qəbul edilməməsini böyük bir faciə kimi görmədiyini və ölkəmizin milli maraqlarına ciddi ziyan vurmadığını qeyd edib, eyni zamanda Azərbaycanın daha böyük beynəlxalq birliklərdə iştirakının zəruriliyini qeyd edib.
İdarə Heyəti ictimai müzakirələrdə 2025-ci ilin “Konstitusiya və Suverenlik” ili elan edilməsi naminə və 44 günlük Vətən müharibəsində qələbimizin 5 illik yubileyi şərəfinə ölkədə genişmiqyaslı Amnistiya Aktının qəbul edilməsi təşəbbüslərini alqışlayıb, ölkədə vətəndaş həmrəyliyini gücləndirmək, daxili ictimai-siyasi sabitliyi təmin etmək məqsədilə siyasi məhbus kimi tanınan şəxsləri də əhatə edən geniş Amnistiya Aktının qəbul edilməsinin zəruriliyini bildirib.
İdarə Heyəti sonda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edib.