Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...
Siyasət
446
04 Sep 2025 | 22:40

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

ABŞ prezidenti Donald Trampın sayəsində Putin Alyaskadan başlayan uğurunu Pekində davam etdirdi və Çində qalib obrazında Ukraynaya və onun tərəfdaşlarına açıq və sərt mesajlarını, şərtlərini ünvanladı. Rusiya prezidentinin şərtləri əvvəldən məlumdur: Ukraynanın kapitulyasiyası. Bu təslimçiliyə işğal olunan ərazilərin və Donetsk vilayətinin hələ Ukraynanın nəzarətində olan yerlərin təhvil verilməsi, hüquqi baxımdan tanınması, Ukraynanın neytrallığı, sanksiyaların götürülməsi, rus dilinin statusu və sairə şərtlər daxildir. Putin istəyinə danışıq yolu ilə nail olmadıqda “hərbi yolu davam etdirib” məqsədinə çatacağını da Pekindən dünyanın nəzərinə çatdırdı. Saymazyana şəkildə Zelenski ilə Moskvada görüşə biləcəyini deməklə, faktiki olaraq belə bir görüşün mümkünsüzlüyünün anonsunu vermiş oldu. Rusiya təbliğat maşını Putinin Qərb üzərində “parlaq” qələbəsini tirajlayır və tezliklə tərəflərin Putinin şərtlərini qəbul etməkdən başqa çarələrinin olmadığını bildirirlər. 

Pekin paradının məhz ABŞ-a, konkret olaraq Trampa yönəldiyini özü də təsdiqlədi. Şərq-Asiya blokunun dünyanın çoxqütblü sistemini yaratmaqla ABŞ -ın roluna və nüfuzuna böyük zərbə vurduğu ortadadır. Bu situasiyada ABŞ və Avropa strateji hədəflərini müəyyənləşdirmək və Rusiya-Çin-Şimali Koreya (Hindistan hələlik sual altındadır) blokuna qarşı konkret təsir və təzyiq göstərə biləcəkmi? Dünya düzəni Ukrayna müharibəsi ilə pozuldu. Yeni dünya düzəninin ABŞ tərəfindən nizamlanması üçün də Avropa ilə birlikdə qətiyyətli addımlar da məhz Ukrayna ilə əlaqədar olmalıdır. Əgər Rusiyanı Ukraynada müharibəni dayandırıb danışıqlara başlamasına məcbur etməsələr Üçlü blok daha da güclənəcək, daha da genişlənəcək və dünya düzəni də onların diqtəsi ilə yaranacaq. Bu isə ədalətdən, hüquqdan uzaq, yalnız gücə hesablanmış bir düzən olacaq.

Parisdə “İstəklilər koalisiyası” toplaşdı və 26 ölkə Ukraynanın təhlükəsizlik zəmanəti haqqında müzakirələr apardı. Açığı, Pekin paradından sonra gözləmək olardı ki, Tramp təcili olaraq özü də iştirak etməklə Avropada, elə Parisin özündə “İstəklilər koalisiyasının”, NATO ölkələrinin toplantısını təşkil edəcək və Ukraynanı hərtərəfli olaraq sonadək müdafiə edəcəklərini Putinin diqqətinə çatdıracaqlar. Gözləmək olardı ki, Rusiyanın müharibəni dayandırıb danışıqlar masasına oturmadığı halda, ilkin mərhələdə ( uzaq yox, yaxın bir zamanda-72 saat içərisində) Ukraynada Özəl Hərbi Birləşmələrin ( ÖHB) yerləşdiriləcəyini, bu ölkənin müasir hücum və müdafiə silahları ilə fasiləsiz təmin ediləcəyini, həm Rusiyaya, həm də onun tərəfdaşlarına ciddi, dağıdıcı sanksiyalar tətbiq ediləcəyi barədə qətiyyətli qərar qəbul olunacaq. Belə olmadı və Fransa prezidenti Makronun açıqlamasına görə 26 ölkə formal olaraq Ukraynaya ya güc kontingenti göndərməyi, ya da bu koalisiyaya dəstək vermək, Ukraynanın dənizdə və ya səmada təhlükəsizliyini təmin etmək üçün müəyyən vəsait ayırmağı öhdəsinə götürüb. O da məlum oldu ki, bu qüvvələr Rusiyaya qarşı müharibə aparmaq üçün deyil, sülhün təminatçısıdır. Həm də, əlavə olaraq, döyüşlərin yenidən başlamasının qarşısını almaq üçün strateji siqnal göndərməyi düşünürlər.

Eyni zamanda Fransa prezidenti bildirib ki, yaxın vaxtlara ABŞ və Rusiya prezidentləri görüşəcək və o da vurğulanıb ki, bu görüş müsbət nəticələnməlidir. Makron sonda onu da deyib ki, “əgər Rusiya sülh üçün konkret danışıqlardan imtina edərsə, o zaman Rusiyanın bu imtinasına dəqiq cavab verəcəyik”.  Paris görüşünun formal xarakter daşımadığına inanmağa çalışsaq da, Putinin zamanı uzatmaq kimi indiyədək apardığı siyasətdən tezliklə geri çəkiləcəyi az inandırıcıdır. 

Rusiyanı arxayın salan da Avropa liderlərinin Ukraynaya nizami qoşun göndərməsinin müharibə dayandırılandan və ya atəşkəsdən sonra baş tutacağı barədə gəldikləri qənaətdir. Ruslar da yalnız öz şərtlərinin qəbul edildiyi təqdirdə müharibəni dayandıracaqlarını gülə-gülə televiziya ekranlarından təbliğ edirlər. Ukraynanın təhlükəsizlik zəmanətinin müharibədən sonra veriləcəyi Putinin əlini gücləndirir. Əsas məsələ “SONRA”yox, müharibənin gedişində həll olunmalıdır ki, Rusiya da məcbur olub müharibəni dayandırsın. Əks halda Putin Çinin köməyilə müharibəni uzun müddət davam etdirəcək. 

P.S. Çində Putinin açıqlamaları içərisində maraqlı bir məqam Putinlə Çin lideri Si Sinzipin arasında olan dialoq oldu. Hər iki lider müasir tibbin yeniliklərindən danışaraq insanın 150 il yaşamasının mümkünlüyünü ayaqüstü müzakirə ediblər. Bu, təsadüfi müzakirə sayıla bilməz. Yəni, kimlərsə düşünməsin ki, Putinin 73 yaşı var və o gec-tez öləcək, dünya da sakit olacaq. Putin dünyaya demək istədi ki, hələ yaşı qədər də yaşamaq şansı ola bilər.  

Allah dünyanı belələrindən qorusun

İlham İsmayıl

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər