Fransanın Yeni Kaledoniyaya qarşı apardığı kolonial siyasət Matinyon (1988), Numea (1998) və Bujival (2025) sazişlərində öz təzahürünü tapıb. Məqsəd sonradan məskunlaşan fransızların maraqlarını qorumaq, müstəmləkəçiliyə nəzarəti davam etdirmək və Kanak xalqının haqqı olan müstəqillik arzularını yox etmək olub.
Moderator.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupundan bildirilib.
Yeni Kaledoniya Sakit okeanın cənubunda yerləşir. Əhalinin təxminən 40%-ni təşkil edən yerli Kanaklar öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparırlar. 12 İyul 2025-ci tarixində imzalanan Bujival sazişi dekolonizasiya istiqamətində atılan addım yox, neokolonial siyasətdir. Yeni Kaledoniya hökumətində siyasi təmsilçilik və iqtisadi bərabərsizlik, xüsusilə də Yeni Kaledoniya iqtisadiyyatının dayağı olan nikel sənayesi ətrafında gərginliklər artarkən, Fransa bu prosesləri Kanak dekolonizasiya prosesini ertələyir. Bu isə BMT-nin 1514 saylı qətnaməsinin tanıdığı dekolonizasiya prinsiplərinə ziddir.
Matinyon Sazişi (1988): tutulmamış vəd
1988-ci ildə Fransanın kolonial siyasətinə qarşı uzun illər davam edən Kanak müqavimətindən sonra Matinyon sazişi imzalanır. Saziş 10 il sonra referendumunun keçirilməsini vəd edirdi. Lakin Fransa bu müddəti sonradan məskunlaşan fransızların gücünü möhkəmləndirmək üçün istifadə etdi. Metropoliyadan (materik Fransa) köçü təşviq etməklə və xüsusilə nikel sənayesi üzərində iqtisadi nəzarəti artırmaqla Kanak xalqının sayını tədricən azalmasına ciddi təsir göstərdi. Vəd edilən referendum isə heç vaxt keçirilmədi və onun əvəzinə Numea sazişi imzalandı. Bu manevr Fransanın əsl niyyətini üzə çıxardı. Matinyon sazişi dekolonizasiyaya deyil, kolonial nəzarəti möhkəmləndirməyə xidmət etmiş oldu.
Numea Sazişi (1998): saxtalaşdırılmış seçkilər
1998-ci ildə imzalanmış Numea sazişi, 2018-2022-ci illər arasında üç müstəqillik referendumu nəzərdə tutaraq Yeni Kaledoniyanın dekolonizasiya olunması üçün yeni fürsət kimi təqdim olunurdu. Lakin Fransa bu proseslərə öz maraqları naminə təsir göstərdi. Seçki şərtləri, xüsusilə seçici siyahılarının genişləndirilməsi, sonradan məskunlaşan fransızlara səs vermə hüququ verməklə Kanakların təsirini zəiflətdi. Ən böyük etirazlar 2021-ci ildə COVID-19-un kanak icmasına dağıdıcı təsiri ilə başladı. Belə ki, referendumu təxirə salmaq çağırışlarına baxmayaraq Fransa səsverməni keçirdi. Kanakların kütləvi boykotu ilə nəticələnən referendumun nəticəsi Fransanın tərkibində qalmağı seçdi. Lakin bu nəticə yerli kanak xalqı tərəfindən qeyri-legitim hesab olundu. Beləliklə, dekolonizasiya adı altında təqdim olunan Numea sazişi əslində demokratik prosesi manipulyasiya etmək və kolonial status-kvonu saxlamaq üçün alətə çevrildi.
Bujival sazişi: müstəqilliyə yeni maneə
Bujival sazişi Fransanın müstəmləkəçi strategiyasının növbəti mərhələsini təşkil edir. Fransa dekolonizasiya prosesini başlatmaq əvəzinə, uydurulmuş Yeni Kaledoniya dövləti modelini irəli sürür. Beləliklə seçici korpusunu daha da genişləndirərək Kanakların seçki gücünü azaldır. Bu layihə Yeni Kaledoniyanı Fransanın tərkibində saxlamaq və Kanakları öz vətənlərində sayca azlıq təşkil etmək cəhdi kimi dəyərləndirilir. Yeni Kaledoniyanın ən böyük müstəqillik tərəfdarı koalisiyası olan FLNKS-in hökuməti dialoqa çağırmasına baxmayaraq, Fransa dəvətə məhəl qoymur.
Nəticə
Üç sazişi müqayisə edərkən aydın bir sxem görünür. Hər üç saziş Fransa tərəfindən dekolonizasiyanı təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə olunub. Matinyon sazişi keçirilməmiş referendum vədi ilə mövcud kolonial siyasəti gücləndirdi. Numea sazişi referendum çərçivəsi təqdim etsə də, seçki manipulyasiyası və Fransanın müdaxiləsi ilə zəiflədi. Nəticədə 2021-ci ilin boykot olunan referendumuna gətirib çıxardı. Nəhayət, Bujival sazişi Kanakların siyasi gücünü sarsıdan və Fransanın nəzarətini institusional şəkildə möhkəmləndirən bir model təklif edir. Nəticə eyni olaraq qalır. Fransa BMT tərəfindən tanınmış dekolonizasiya hüququnu görməzdən gəlir. FLNKS ilə danışıqlardan yayınır. Bu isə neokolonial siyasət kimi qiymətləndirilir.