Pərvnə Vəliyeva:
Siyasət
187
16:23, Bu gün

Pərvnə Vəliyeva: "Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması daha geniş regionlar üçün yeni perspektivlər açdı"

 

Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Çinlə bərəbərhüquqlu əməkdaşlığın qurulması, münasibətlərin strateji səviyyəyə yüksəlməsi ölkə başçısı İlham Əliyevin uğurlu şaxələndirilmiş xarici siyasətinin daha bir göstəricisidir. Dövlət başçımızın strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə “orta güc dövləti”nə çevrilməsini təmin edir.

Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. İki ölkə arasında münasibətlər tarixinin ən yüksək səviyyəsindədir və müxtəlif – siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələri əhatə edir. Azərbaycan-Çin əlaqələri yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji sahələrdə güclənib. İki ölkə başçısı arasında şəxsi dostluq münasibətləri əməkdaşlığı daha da dərinləşməkdədir.

Bu günədək Azərbaycan və Çin arasında 100-dən artıq sənəd imzalanmışdır. İki dövlət arasında iqtisadi əlaqələr, o cümlədən yük daşımaları sahəsində əməkdaşlıq inkişaf edir. Azərbaycanla Çin arasında 2024-cü il ərzində tranzit daşımaların həcmi 85% artmışdır. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Həmçinin Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir.

Prezidentin Çinə cari ilin aprel ayında səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq qurulması haqqında Birgə Bəyanat, vizasız rejimin tətbiqi haqqında sənəd və əməkdaşlıq sazişləri imzalanıb. Gələcək əməkdaşlıq sahələrinə aşağı karbonlu inkişaf, rəqəmsal iqtisadiyyat, ağıllı infrastruktur və yaşıl texnologiyalar daxildir.

“Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” strategiyası və sosial-iqtisadi inkişaf planları ilə uzlaşır. Azərbaycan Çin Sədri tərəfindən irəli sürülmüş bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biridir. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu təşəbbüs çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.

Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması təkcə Cənubi Qafqaz üçün deyil, həm də daha geniş regionlar üçün yeni perspektivlər açdı. Bu addım bölgədə uzun illər davam edən münaqişənin aradan qaldırılmasına və sabitlik mühitinin formalaşmasına mühüm töhfə verdi. Zəngəzur dəhlizinin gündəmə gətirilməsi isə Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin nəticəsidir. Onun qətiyyətli mövqeyi və məqsədyönlü addımları sayəsində Azərbaycan regionun yeni strateji nəqliyyat xəritəsinə - logistik qovşağa çevrilməkdədir.

Cənab Prezidentin bu uğuru Azərbaycanın milli maraqlarını təmin edir, beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Zəngəzur dəhlizi artıq təkcə bir infrastruktur layihəsi deyil, həm də sülhün, inkişafın və inteqrasiyanın rəmzinə çevrilib. Bu dəhlizin işə düşməsi “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi olan Orta dəhliz üçün geniş imkanlar yaradacaq.

Azərbaycanın fəal əməkdaşlıq apardığı təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Cari ilin aprel ayında Çinə səfəri zamanı ÇXR sədri tərəfindən Prezident İlham Əliyev ŞƏT sammitində iştiraka dəvət olunmuşdu.

2001-ci ildə təsis edilmiş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsədləri üzv dövlətlər arasında qarşılıqlı inam, dostluq, qonşuluq və səmərəli əməkdaşlığı gücləndirmək, regionda sülh, təhlükəsizlik və sabitliyi təmin etmək və qorumaq, yeni ədalətli beynəlxalq nizamı təşviq etməkdir. 2016-cı ildən Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı olmuşdur. Ölkəmiz bu təşkilata tamhüquqlu üzv olmağa maraqlıdır.

Hazırda Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq sahələri regional təhlükəsizlik və sabitlik, mədəni və humanitar əməkdaşlıq, ticarət və sərmayə, enerji sektoru və kənd təsərrüfatı, telekommunikasiya, terrorizm və ekstremizmə qarşı mübarizə, tolerantlıq və mədəni müxtəlifliyin təşviqini əhatə edir.

Şərq-Qərb və Şimali-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ilə ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın əsas sahələrindən birini təşkil edir. 2025-ci il 31 avqust – 1 sentyabr tarixlərində Çinin Tiencin şəhərində keçirilən ŞƏT Sammitində, Çin Sədrliyinin şüarı: “Şanxay Ruhunu Qorumaq: ŞƏT Hərəkətdə”dir.

Bundan öncə isə Azərbaycan Respublikasının Prezidenti ŞƏT-in müvafiq olaraq 2022 və 2024-cü illərdə Özbəkistan və Qazaxıstanda keçirilən Sammitlərində iştirak etmişdir. Bu, Azərbaycan liderinə böyük hörmət və etimadın əyani göstəricisidir.

 

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər