Nyu-Dehlinin bu qərarı Azərbaycanla Pakistanı daha da yaxınlaşdırır; Hindistan bilməli idi ki, Azərbaycanın dostları...
Hindistan bir daha Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün verdiyi müraciəti bloklayıb. Bakıdan da bu hadisəyə münasibət bildirilib. Vurğulanıb ki, Hindistanın sözügedən qərarı Nyu-Dehlinin uzaqgörən olmayan siyasətini əks etdirir və məlumatlı mənbələrin fikrincə, bu addım Hindistanın Pakistanla münasibətləri fonunda atılıb.
Eyni zamanda Çinin Tiencin şəhərində Prezident İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşündə bu mövzuya toxunulub. Baş nazir Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə bir daha təşəkkürünü bildirib.
Prezident deyib ki, ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Atom silahına malik Hindistanın Azərbaycana münasibətdə Bollivud istehsalı olan filmdəki Qabbar Sinqx kimi qisasçı hisslərlə yaşaması üzücüdür. Prezident də deyib ki, Hindistanın anti-Azərbaycan mövqeyi ölkəmiz üçün heç bir əhəmiyyət daşımır.
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Hindistanın atdığı bu addım çoxtərəfli diplomatiya və “Şanxay ruhu” prinsiplərinə ziddir: "Şübhəsiz ki, Hindistanın Azərbaycana qarşı mövqeyində ölkəmizin Pakistanla olan münasibətləri əhəmiyyətli rol oynayır. Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyən Azərbaycana qarşı artıq neçə vaxtdır ki, həm gizli, həm də açıq müstəvidə mübarizə aparan Nyu-Dehlinin Ermənistanı dəstəkləməsi, onlara silah-sursat ötürməsi və ən nəhayət, ölkəmizin növbəti dəfə ŞƏT üzvlüyünə veto qoyması bunun bariz sübutudur.
Pakistanla Hindistan arasında son hərbi qarşıdurmada ölkəmizin Pakistana verdiyi mənəvi-siyasi dəstək isə Hindistanı daha da qıcıqlandırıb. Amma məsələ burasındadır ki, Hindistanın bu qisasçı mövqeni ŞƏT platformasına daşıması təkcə Azərbaycanın yox, eləcə də müttəfiq hesab etdiyi Ermənistanın, Azərbaycanın təşkilata üzvlüyündən faydalanacaq ŞƏT üzvü ölkələrin və o cümlədən də Hindistanın özünün maraqlarına zərbə vurur. Belə ki, dünyada məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınan, regional liderliyini hər keçən gün daha da möhkəmləndirən və qlobal aləmdə regionun əsas aparıcı aktoru qismində çıxış edən ölkəmizin ŞƏT-ə üzvlüyü hər kəs üçün, o cümlədən də Hindistanın özü üçün əlavə dividentlər qazandıra bilər.
Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, Şərq-Qərb dəhlizi ilə yanaşı, Rusiya, İran və Hindistan tərəfindən əsası qoyulmuş Şimal-Cənub nəqliyyat dəhlizinin də ərazimizdən keçməsi əslində Hindistanı ağılla düşünüb məntiqli qərar verməyə sövq etməli idi. Digər tərəfdən, Ermənistanın təşkilatda üzvlüyünü istəyən Hindistan Azərbaycanın üzvlüyünə veto qoyarkən ölkəmizin müttəfiqləri tərəfindən Ermənistanın da üzvlüyünün bloklanacağını bilməli idi. Amma Hindistan əks yol tutmağa üstünlük verdi və bununla da ümumilkdə ŞƏT-in maraqlarının ziddinə addım atdı.
Hindistanın bu qərarı çoxtərəfli diplomatiya və “Şanxay ruhu” prinsiplərinə ziddir. Çünki bu prinsiplər ikitərəfli mübahisələrin çoxtərəfli platformalara köçürülməsinin yolverilməzliyini nəzərdə tutur.
Şübhəsiz ki, bu qərar Azərbaycanın Hindistan xaric ŞƏT üzvləri və tərəfdaşları ilə münasibətlərinə hər hansı təsir göstərməyəcək. Biz ŞƏT üzvü olan əksər ölkələrlə siyasi, iqtisadi, ticarət əlaqələri çərçivəsində olduqca yaxşı ikitərəfli münasibətlərə malik ölkəyik. Bu qərarın Azərbaycan-Pakistan münasibətlərinə də hər hansı təsiri olmayacağı məlumdur. Əksinə, Hindistanın bu davranışı Azərbaycan və Pakistan arasında onsuz da kifayət qədər yaxşı olan münasibətləri daha da möhkəmləndirəcək. Odur ki, ölkə başçısınn da dediyi kimi, Hindistanın anti-Azərbaycan mövqeyi ölkəmiz üçün heç bir əhəmiyyət daşımır".
ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Hindistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycanın daim Pakistanın yanında duracağını qeyd etdi: “Bu məsələ ilə bağlı partiyamızın mövqeyi açıq və aydındır. Hindistan Azərbaycana öz nifrətini gizlətmir. Təbii ki, bu nifrətin əsasında Azərbaycanın Pakistana olan dost və qardaş münasibəti durur. Hindistan dost olmayan ölkədir. Biz qardaş Pakistanın haqlı mövqeyini həmişə dəstəkləyəcəyik. BRİCS-dən imtina etdiyimiz kimi, ŞƏT-dən də imtina etməli, bizimlə dost olmaq istəyən ölkələrlə ikitərəfli əməkdaşlığı genişləndirməliyik. Türkiyə ilə, o cümlədən yaxın qonşularla 3+3 formatında əməkdaşlıq genişləndirilməli, kapitalın, malların və işçi qüvvəsinin hərəkəti asanlaşdırılmalıdır. İqtisadi bloklara qoşulmaq bizə ona görə lazımdır ki, ölkəmizə investisiya qoyulsun, iqtisadiyyatımız inkişaf etsin, xaricə məhsul sataq. İxracımızın 90%-ə qədərini neft və neft məhsulları təşkil edir. Satacağımız başqa məhsulumuz da çox deyil. Biz islahatlar aparmaqla iqtisadiyyatımızı gücləndirməliyik. Quru sərhədlərimizi açmaqla turizmin inkişafına imkan yaratmalıyıq. Ümumi Daxili Məhsulun həcmini artırmaq üçün kompleks islahatlar aparılmalıdır. Dövlət idarəetməsini həyata keçirmək üçün bürokratik aparat kiçildilməli, idarəetmədə ifrat mərkəzləşməyə son qoyulmalı, istehsal və emal müəssisələrinin yaradılması üçün tikintiyə icazə olduqca sadələşdirilməli, bu səlahiyyət yerli özünüidarəetmə orqanlarına verilməli, mülkiyyəti qoruya bilən məhkəmə yaradılmalı, əlverişli investisiya mühiti yaradılmalı, parlamentdə qanunların icrasına nəzarət mexanizmi yaradılmalıdır. Regionda mövqelərimizin güclənməsi üçün Ermənistanı yaxın tərəfdaşlarımızdan birinə çevirməliyik. İranla, İranın indiki prezidenti ilə əlaqələrimizi genişləndirməliyik".