Gürcüstanın nüfuzlu ipress.ge portalı Azərbaycan Prezidenti İlham Əliyevin Pekində Çin Sədri Si Cinpinlə görüşü barədə material yayıb.
Moderator.az xəbər verir ki, məqalədə hər iki ölkə liderinin Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasını bəyan etdiyi vurğulanıb.
Portal Çinin "Sinxua" informasiya agentliyinə istinadla Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyanatın tam mətnini dərc edib.
Bildirilir ki, 18 bənddən ibarət birgə bəyanatda hər iki ölkənin əsas maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birini qətiyyətlə dəstəkləyəcəkləri vurğulanır.
Birgə bəyanatda tərəflər nəqliyyat infrastrukturunun inkişafı, həmçinin mədəniyyət və yaradıcılıq qrupları sahəsində əməkdaşlıq, eyni zamanda turizm, səhiyyə, idman, kino və televiziya sahələrində, eləcə də media sektorunda qarşılıqlı səfərlər, məlumat və təcrübə mübadiləsi vasitəsilə əməkdaşlığın genişləndirilməsini dəstəkləyiblər.
Tərəflər humanitar mübadilənin daha da inkişafına kömək etməyə hazır olduqlarını bildiriblər.