Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin Suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, Hindistan BRİCS-dən sonra indi də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almasına mane olub. Azərbaycan hansı addımları atmalıdır?
- Hindistan dost olmayan ölkədir. Biz, qardaş Pakistanın haqlı mövqeyini həmişə dəstəkləyəcəyik. BRİCS-dən imtina etdiyimiz kimi, ŞƏT-dən də imtina etməli, bizimlə dost olmaq istəyən ölkələrlə ikitərəfli əməkdaşlığı genişləndirməliyik. Türkiyə ilə, o cümlədən yaxın qonşularla 3+3 formatında əməkdaşlığı genişləndirilməli, kapitalın, malların və işçi qüvvəsinin hərəkəti asanlaşdırılmalıdır. İqtisadi bloklara qoşulmaq bizə ona görə lazımdır ki, ölkəmizə investisiya qoyulsun, iqtisadiyyatımız inkişaf etsin, xaricə məhsul sataq. İxracımızın 90%-ə qədərini neft və neft məhsulları təşkil edir. Satacağımız başqa məhsulumuz da çox deyil. Biz islahatlar aparmaqla iqtisadiyyatımızı gücəndirməliyik. Quru sərhədlərimizi açmaqla turizmin inkişafına imkan yaratmalıyıq. Ümumi Daxili Məhsulun həcmini artırmaq üçün kompleks islahatlar aparılmalıdır. Dövlət idarəetməsini həyata keçirmək üçün bürokratik aparat kiçildilməli, idarəetmədə ifrat mərkəzləşməyə son qoyulmalı, istehsal və emal müəssiələrinin yaradılması üçün tikintiyə icazə olduqca sadələşdirilməli, bu səlahiyyət yerli özünüidarəetmə orqanlarına verilməli, mülkiyyəti qoruya bilən məhkəmə yaradılmalı, əlverişli investisiya mühiti yaradılmalı, paralmentin qanunların icrasına nəzarət mexanizmi yaradılmalıdır. Regionda mövqelərimizin güclənməsi üçün Ermənistanı yaxın tərəfdaşlarımızdan birinə çevirməliyik. İranla, İranın indiki Prezidenti ilə əlaqələrimizi genişləndirməliyik.
- Qüdrət bəy, Qəzzanın 10 il müddətinə ABŞ-nin idarəçiliyinə verilməsi ideyasına necə baxırsınız?
- Bu baş tutsa yaxşı olardı, çünki ABŞ orda insan hüquq və azadlıqlarına hörmət edilən sivil bir dövlət idarəetməsi qura bilərdi, həm də yalnız Qəzzada yox, bütövlükdə tanınacaq Fələstin dövlətində. Amma 10 il azdır. Bunun üçün ən azı 50 il lazımdır, çünki Əfqanıstan təcrübəsi göstərdi ki, 20 il belə normal fəaliyyət göstərən dövlət institutları qurmaq üçün yetərli deyil.
- Trampın ABŞ-də cinayətkarlığa qarşı mübarizədə Milli Qvardiyadan istifadə etməsini necə dəyərləndirirsiniz?
- Bu, ABŞ qanunları ilə qadağan olunmur. ABŞ-də cinayətkarlıq doğrudan qorxulu miqyasdadır. Ona görə, ABŞ prezidenti bu istiqamətdə ciddi addımlar atmaq məcburiyyətində idi. Dua edək ki, gözlənilən nəticələr olacaq və cinayətkar qruplar zərərsizləşdiriləcək. Yoxsa hər gün ABŞ-də günahsız insanların, bəzən məktəblilərin, tələbələrin güllələnməsinə dair üzücü məlumatlar alırıq. Tramp elan etdiyi məqsədlərdə səmimidirsə silahların satışına nəzarət gücləndirilməli və silah əldə etmək xeyli çətinləşdirilməlidir. Yeni tələblərə cavab verməyən insanlardan silahlar yığılmalıdır. Amma problem ondadır ki, Tramp öz tərfdarları da daxil olmaqla silah satışından faydalanan siyasilərin təzyiqlərini dəf edə bilərmi? Bu ciddi sual doğurur.