Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün ADP İdarə Heyəti yay tətilindən sonra ilk toplantısını keçirib.
Moderator.az xəbər verir ki, toplantıda ötən dövr ərzində ölkə və beynəlxalq aləmdə baş verən ən aktual ictimai və siyasi hadisələr müzakirə olunub. Toplantı iştirakçıları ilk növbədə ABŞ və Rusiya prezidentləri arasında Alyaskada keçirilən görüşün nəticələrinə münasibət bildirib və bu görüşü Putin Rusiyasının işğalçılıq siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və Ukraynanın siyasi taleyinin həll edilməsi baxımından önəmli əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
İdarə Heyəti ABŞ prezidenti D.Trampın moderatorluğu ilə Azərbaycanla Ermənistan dövlət başçılarının iki dövlət arasında sülh sazişinin bağlanması naminə imzaladıqları tarixi Bəyannaməyə münasibət bildirib. Rusiyanın təsir dairəsindən kənar baş tutan bu görüşün və imzalanan Bəyannamənin təkcə iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazın siyasi taleyinin yenidən şəkillənməsi baxımından ciddi siyasi hadisə olduğunu qeyd edib. Bu görüşdə ABŞ və Azərbaycan arasında iki ölkənin təhlükəsizlik, enerji və siyasi sahələr üzrə Xartiyanın hazırlanacağına diqqət çəkən partiya yetkililəri əldə edilən razılaşmaların ölkəmizin dövlət və milli maraqlarına xidmət edəcəyinə, siyasi islahatlara yol açacağına əminliyini ifadə edib.
İdarə Heyəti İsrail Baş naziri B.Netanyahunun Fələstin məsələsindən dolayı Türkiyənin haqlı narazılıqlarına görə “erməni soyqırımı”nı tanıması ilə bağlı tarixi əsası olmayan cəhdlərini pisləyib və Ermənistan Baş naziri N.Paşinyanın bu tanınmanı erməni xalqının mənafeyinə xidmət etmədiyi barədə bəyanatını təqdir edib. Partiya rəsmiləri eyni zamanda Azərbaycan hakimiyyətini də qardaş Türkiyəyə qarşı qaldırılımış bu əsassız iddianı İsraillə olan strateji əməkdaşlığımızın ruhuna zidd olması baxımından məqsədə uyğun olmamasını adı çəkilən dövlətin diqqətinə çatdırmağa səsləyib.
İdarə Heyəti Azərbaycan Prezidentinin İkinci dünya müharibəsinin 80 illiyinə həsr olunmuş tədbirə qatılmaq üçün Çinə səfəri ətrafında müzakirələr aparıb və dövlət başçısının bu tədbirdə ŞƏT-nın üzvləri ilə ayrılıqda keçirdiyi görüşləri, ölkəmizin iqtisadi, siyasi nüfuzunun güclənməsi istiqamətində göstərdiyi səyləri təqdir edib.
İdarə Heyəti sonda partiyanın inkişaf perspektivləri və bundan sonrakı fəaliyyətində iqtidar-müxalifət platformasında iştirakının məqsədə müvafiqliyi ətrafında müzakirələr aparıb. Bu istiqamətdə müzakirələrin davam etdirilməsi və partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul olunub.