“ATƏT-in qərarı Qarabağ məsələsinin həll olunduğunu beynəlxalq səviyyədə təsdiqlədi”
Siyasət
213
16:01, Bu gün

“ATƏT-in qərarı Qarabağ məsələsinin həll olunduğunu beynəlxalq səviyyədə təsdiqlədi”

“ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilməsi Azərbaycanın çox böyük tarixi və diplomatik qələbəsidir”.
 
Bu barədə ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT-in iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin rəhbəri Azay Quliyev Moderator.az-a şərhində bildirib.
 
O qeyd edib ki, bununla da münaqişənin rəsmən həll olunduğu və bu səhifənin qapandığı beynəlxalq səviyyədə təsdiqləndi:
 
“24 mart 1992-ci ildə, Helsinkidə keçirilmiş ATƏT (o vaxt ATƏM) Nazirlər Şurasının əlavə iclasında Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan, lakin heç bir əməli addım atmayan bir beynəlxalq təsisat 1 sentyabr 2025-ci ildə rəsmi olaraq ləğv olundu. Bununla həmin təsisat bütün reyesterlərdən çıxarılacaq və keçmişə çevriləcək. Bu hadisə həm də Azərbaycanın döyüş meydanında, hərbi-siyasi yolla münaqişəni həll etdiyini ATƏT-in rəsmi qərarı ilə təsdiqləmiş oldu. Bu qərar ATƏT tarixidnə ilk və nadir hadisədir.
 
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi qələbənin yaratdığı yeni reallıqlar bu hadisəni qaçılmaz etdi”.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin ABŞ liderinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Qərarı ATƏT Nazirlər Şurası qəbul edib.
 
Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi nümayəndəsi vəzifəsində polşalı diplomat Anjey Kaspşik çalışıb. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər