İcma beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı - BƏYANAT
Siyasət
217
14:26, Bu gün

İcma beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı - BƏYANAT

"Ermənistan tərəfi qalıcı sülhün və ədalətin bərqərar olunması üçün qalan digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir".
 
Moderator.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.
 
Bəyanatda, həmçinin qeyd olunub ki, Ermənistanın 1987-ci ildə Qafan rayonunda azərbaycanlılara qarşı törətdiyi zorakılıq ilə başlayaraq, otuz ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycana külli miqdarda ziyan vurulmuş və azərbaycanlılar böyük müsibətlərə düçar olmuşlar:
 
"Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə münaqişə arxada qalmış və bölgədə qalıcı sülhün və ədalətin bərqərar olması üçün imkan yaranmışdır. Məhz Azərbaycan Respublikasının təşəbbüsü ilə iki dövlət arasında bu məsələlər üzrə siyasi proses başlamışdır. Bu günlərdə münasibətlərin qaydaya salınması üzrə çoxsaylı mövzuların bir qismini əhatə edən saziş layihəsi üzrə danışıqlarda Ermənistan Azərbaycanın açıq qalan iki maddə üzrə təkliflərini qəbul etmişdir.
 
Lakin bu, kifayət deyil və Ermənistan tərəfi qalıcı sülhün və ədalətin bərqərar olunması üçün qalan digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir. Bunların sırasına Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmaq, maneəsiz tranzit öhdəliyini yerinə yetirmək, Azərbaycana qarşı ərazi iddialarını öz konstitusiyası və qanunlarından çıxarmaq, ATƏT-in Minsk Qrupunun ləğv olunması üçün müraciət göndərmək, Azərbaycan ərazilərini işğal etməsinə, ona külli miqdarda ziyan vurmasına və azərbaycanlılara qarşı zorakılıq törətməsinə görə məsuliyyətini etiraf etmək, təzminat ödəmək, öz ərazisində qondarma rejimin bütün “təsisatları”nı ləğv etmək, hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymaq, silahlanma proqramını dayandırmaq və aldığı silahları geri qaytarmaq daxildir.
 
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti öz üzərinə düşənləri yerinə yetirmək üçün Ermənistana təzyiq etməyə çağırır", - deyə İcmanın yaydığı bəyanatda bildirilib.
 
Link kopyalandı!
Son xəbərlər