Ermənistan “davalı hind kinosu” çəkir, yoxsa yeni Aprel savaşına hazırlaşır?
Siyasət
373
14:52, Bu gün

Ermənistan “davalı hind kinosu” çəkir, yoxsa yeni Aprel savaşına hazırlaşır?

“Biz sülh müqaviləsi layihəsini yekunlaşdırmağa çox yaxınıq, Ermənistan və Azərbaycanı nəzərdə tuturam”, deyib Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan. Özü də bunu harada desə, yaxşıdır: Ermənistanın əsas silah bazarı olan Hindistanda!
 
Bu günlərdə hətta Türkiyə mediası (“Star”) yazmışdı ki, Ermənistan nisbətən ucuz silah və sursat idxalını həyata keçirmək məqsədilə Hindistanla müdafiə dialoqunu genişləndirir. Mətbu nəşr vurğulamışdı ki, Ermənistan Azərbaycanla 44 günlük müharibə nəticəsində itirdiyi hərbi-texniki potensialı bərpa etmək cəhdi ilə son illər Fransa və Hindistandan silah almağa başlayıb. Həmçinin ABŞ, Yunanıstan, yunan Kipri və Çinlə də hərbi sahədə əlaqələr qurulub.
 
Materialda qeyd olunmuşdu ki, təxminən 2 milyard dollarlıq (!) ilk böyük müqavilə 2020-ci ildə Ermənistan və Hindistan arasında imzalanıb. “Star” daha sonra yazıb: “Bu dialoqun son həlqəsi fevralın 10-14-də “Aero India 2025” beynəlxalq aerokosmik sərgisini ziyarət edən Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi yüksəksəviyyəli nümayəndə heyətinin Hindistana səfəri olub”.
 
Bəlli olub ki, rəsmi İrəvanı Hindistandan aktiv şəkildə silah idxal etməyə sövq edən əsas səbəb Yeni Dehlinin parametrlərinə görə Ermənistan ordusunun təchizat sistemləri ilə uyğun gələn Rusiya silah inkişaflarını modernləşdirilməsidir. “Ermənistan 2024-2025-ci illər üçün Hindistandan daha 600 milyon dollar məbləğində silah almağı öhdəsinə götürüb. İrəvan artilleriya sistemlərinə və hava hücumundan müdafiəyə üstünlük verir”, qəzet yazıb.
 
Bundan əlavə, vurğulanmışdı ki, Hindistanın “Zen Anti-Drone System” (ZADS) şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatları əleyhinə sistemlərin Ermənistana tədarükü üçün 41 milyon dollarlıq sifariş verilib. Bu, son deyil: İrəvanda Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti vasitəsilə dörd “Su-30 SM” təyyarəsinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunur və danışıqların birinci mərhələsi ötən ilin sonunda baş tutub. Buyurun, “Nəticədə Hindistan Ermənistana əsas silah tədarükçüləri siyahısında Rusiyanı əvəz etməyə başlayıb və İrəvan bu Cənubi Asiya ölkəsindən silah idxal edənlər arasında lider mövqe tutur”. Türkiyə qəzeti yazır ki, Ermənistanın müdafiə naziri Papikyanın sözləri diqqətəlayiqdir. O, “həm müdafiə, həm də hücum üçün” Hindistan silahlarından istifadəni istisna etməyib.
 
Ötən ay qardaş ölkənin nüfuzlu media orqanında tirajlanmış məlumatları təsadüfən xatırlatmadıq. Silah alverçisi Papikyanın ardınca Hindistana uçan Mirzoyanın nağıllarına cavab sayıla bilər. Mirzoyanın “kadastr sənədi olmayan” ölkəsi Azərbaycanla sülhə beləmi hazırlaşır: hind silahları ilə? Hələ biz Yunanıstandan, Yunan Kiprindən, Fransadan, ABŞ-dən, İrandan daşınan silahlardan danışmırıq. Sülh beləmi olur? Bəlkə Ermənistan davalı hind kinosu çəkmək üçün Dehlidən silah daşıyır? Desin Mirzoyan, biz də bilək.
 
Hər halda sürətli silahlanma Ermənistanın yeni Aprel savaşına hazırlaşdığına şübhə yeri qoymur. 2016-cı ilin əvvəllərində də sakitlik idi və Ermənistan rəhbərliyi sülh danışıqlarına “sadiq olduqlarını” iddia edirdilər. Amma 4 günlük Aprel döyüşləri baş verdi və düşmənin burnunu ovan Azərbaycan Ordusu Lələtəpə yüksəkliyinə bayrağımızı sancdı, 44 günlük Vətən Müharibəsində qazanılan Böyük Zəfərimizin əsası elə həmin 4 günlük döyüşdə qoyuldu.   
 
Ermənistanın Azərbaycanla üz-üzə gəlməyə cəsarəti çatmazdı. Amma bu gün Paşinyan hakimiyyətini buna vadar edənlər var. Səbəb də budur ki, Nikol Paşinyan “qum saatı” işə salınıb və onu hakimiyyətə gətirənlər “aktiv olmağı” tələb edirlər. Təsadüfi deyil ki, elə bu günlərdə Paşinyan “məni heç kim hakimiyyətə gətirməyib, xalq seçib”, nağılını danışır. Ermənistanın baş nazirini sıxırlar. Çünki o, Azərbaycanla müharibədə həm döyüş meydanında, həm diplomatik savaşda, həm də hüquqi müstəvidə biabırçı hesabla uduzdu. Fransa başda olmaqla Avropa İttifaqı + NATO-nun bəzi ölkələri Ermənistanda lövbər salmaqla daha böyük planlarını gerçəkləşdirmək istəyirlər.
 
Əks təqdirdə, Ukraynanı Rusiyanın pəncələrinə “yem” eləyən Aİ üzvlərinin Ermənistanda uzunmüddətli missiyasına nə ehtiyac var idi? Gecə-gündüz Ermənistan-Azərbaycan şərti sərhədində peyda olan avropalı kəşfiyyatçılar bəlkə sülh göyərçinləri uçurmaq üçün daha uyğun yüksəklik axtarırlar? Hər halda “sülhpərvər” Mirzoyan binokllu cəsusların qar-yağış bilmədən çöllərə səpələnməsinin sirrindən agahdır.   
 
Ermənistanın xarici işlər naziri Hindistana rəsmi səfəri zamanı yerli mətbuata müsahibəsində deyib ki, əgər əvvəlcə saziş layihəsini işlənib hazırlanmasını başa çatdırmaq, sonra isə onu imzalamaq mümkün olsa, müqavilə Cənubi Qafqazda sülhün və sabitliyin ən möhkəm sütunlarından birinə çevriləcək. Daha sonra çox uzaqlara gedərək bildirib ki, Ermənistan Azərbaycana silahlara qarşılıqlı nəzarət və yoxlama mexanizmi yaratmağı təklif edib. Qonşu ölkənin ərazisini 30 il işğalda saxlayanların diplomatına baxın, elə bil “hind kinosundakı döyüş səhnəsi” barədə danışır. Özü Hindistandan raketlər alır, hələ kompensasiya ödəmədiyi Azərbaycana silahlara nəzarət təklifi verir. Ermənistan ordu saxlamaq hüququndan məhrum edilməlidir, nəinki silahlar almalı və səfərbərlik elan etməli. Amma biz görürük ki, şərti sərhədlər boyunca tunellərin qazıldığı, ağır silah və texnikanın yerləşdirildiyi və digər hərəkətlilik halları var. Mirzoyanın dediyi “sülhə yaxınlaşma” budurmu?
 
Filmdə necə deyir: “Mən çox həyasız adamlar görmüşəm, amma sənin kimisinə rast gəlməmişəm”.(musavat.com)
Link kopyalandı!
Son xəbərlər