Azərbaycan Suriya ilə təmasda olacaq - Bakıdan AÇIQLAMA
Siyasət
411
10:04, Bu gün

Azərbaycan Suriya ilə təmasda olacaq - Bakıdan AÇIQLAMA

Suriyada hökumət qüvvələri ilə keçmiş rejimin qalıqları arasında Latakiya və Tartus şəhərlərində baş verən silahlı qarşıdurmaların şiddətlənməsi beynəlxalq narahatlığa səbəb olub.  ABŞ və Rusiya məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında 10 mart tarixində qapalı iclas çağırıb. Türkiyə, ABŞ, İran, Fransa, Rusiya və Çin hadisələrə münasibət bildirib, döyüşlər və mülki itkilər barədə narahatlıqlarını ifadə ediblər.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ərazisində baş verən terror və zorakılığı sərt şəkildə pisləyib: “Türkiyə olaraq Suriyanın birliyini, sabitliyini və sosial sülhünü hədəf alan hər cür hücumu lənətləyirik” O, müvəqqəti hökumətin hadisələri böyük ölçüdə nəzarət altına aldığını, lakin vəziyyətin hələ də həssas olduğunu bildirib. Ərdoğan ələvilərin siyasi manipulyasiya vasitəsinə çevrilməsinə icazə verməyəcəklərini də vurğulayıb.
 
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, son hadisələrdən Azərbaycan da narahatdır:
 
"Azərbaycan Türkiyə kimi Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Son hadisələrdən,əlbəttə, biz də narahatıq. Üsyan yatırıldı, amma mülki insanlar arasında həlak olanlar var. Suriya müvəqqəti hökuməti üçün problemləri həll etmək çətindir. Çünki müxtəlif silahlı etnik qruplar var. Xarici qüvvələr bu silahlı qruplardan Suriyanı parçalamaq, onu asılı vəziyyətdə saxlamaq üçün istifadə etməyə çalışır. Dünən müsbət bir xəbər də gəldi. Suriyanın şimalında PKK-ya bağlı silahlı qruplar mərkəzi hökumətə tabe olacaqları ilə bağlı sənədə imza atdılar. bunu uğur saymaq olar. Suriyanın müvəqqəti hökumətinin başlıca vəzifəsi bütün silahlı qrupları tərksilah etmək vahid ordu yaratmaq, iqtisadiyyatı gücləndirməkdir. Türkiyə bu məsələdə Suriyanın müvəqqəti hökumətinə dəstək verir. Azərbaycanın müvəqqəti hökuməti ilə artıq təmaslar var. Xarici işlər nazirinin müavini Dəməşqdə olmuşdu, səfirliyimizin fəaliyyəti bərpa olunub. Biz bu məsələləri Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçiririk".
 
Politoloq söyləyib ki, Azərbaycan Suriyadakı proseslərə qarışmayacaq:
 
"Biz Türkiyəni dəstəkləyir, müdafiə edirik. Türkiyənin özü də Suriyanın daxili məsələlərinə qarışıb, hansısa etnik qrupla savaşa girişməyəcək. Türkiyəni ən çox narahat edən ona qarşı savaşan PKK-ya aid  silahlı qruplardır. Bəli, onlara qarşı hərbi əməliyyatlar edilə bilər. Onlar özləri də artıq  tərksilah olunmaqla bağlı Dəməşqlə saziş imzalayıb. Bu da Türkiyə üçün əhəmiyyətlidir. Digər yandan PKK da tərksilah olmaqla bağlı qərar verib. Ona görə Türkiyə özü də müdaxilə etməyəcək. Türkiyə Suriyanın müvəqqəti hökuməti ilə birlikdə druzlara, ərəblərə qarşı toqquşmalarda iştirak edən deyil. Baxmayaraq ki, Suriyanın ərazi bütövlüyünü, həm də fəaliyyətini dəstəkləyir. Azərbaycanın Suriya ilə təmasları olacaq. Amma Azərbaycan da bu proseslərə müdaxilə etməyəcək. Türkiyənin bu siyasətini Azərbaycan dəstəkləməyə davam edəcək". 
Link kopyalandı!
Son xəbərlər