Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyətinə heç bir ehtiyac qalmayıb.
Moderator.az xəbər verir ki, bu barədə Teleqraf hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunub ki, rəsmi Bakı heç bir zaman təşkilatın işindən və tutduğu mövqedən razı olmayıb. Bu da səbəbsiz deyil.
“Beynəlxalq Qızıl Xaç Komitəsi 2020-ci illərin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndidə qanunsuz ofis açmışdı. Dəfələrlə Azərbaycan tərəfi qanunsuz rejimlə imzalanmış kağız parçasını istəsə də, komitə onu rəsmi Bakıya verməmişdi.
Bundan başqa, 2020-ci ilin Vətən müharibəsindən sonra və 2023-cü il antiterror əməliyyatlarına qədər Beynəlxalq Qızıl Xaç Komitəsi Xankəndidəki ofisini bağlamadı. Bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini tanımırdı”, - məlumatlı mənbələr bildirib.
O da vurğulanıb ki, BQXK humanitar missiya adı altında qaçaqmalçılıqla məşğul olub, komitənin əməkdaşları Vətən müharibəsi zamanı Ermənistana casusluq edib, Azərbaycan Ordusunun Füzuli istiqamətində əməliyyatlarını dayandırmağa cəhd göstərib:
“Bütün bunları nəzərə aldıqda, hesab edirik ki, artıq bu təşkilata ehtiyac yoxdur”.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərirdi.