"Müharibə xərclərinin 73 faizini Ukrayna xalqı ödəyib".
Bu sözləri "Yeni Sabah"a politoloq Zərdüşt Əlizadə bildirib.
O qeyd edib ki, ABŞ-nin hərbi və maliyyə yardımlarını dayandırması Kiyevin məğlubiyyəti demək deyil:
"ABŞ müharibənin əvvəlindən indiyədək Ukraynaya 62 milyard dollar maliyyə və hərbi yardım göstərib. Ukraynanın digər müttəfiqlərindən isə 57 milyard dollar yardım gəlib. Müharibə xərclərinin 73 faizini Ukrayna xalqının özü ödəyib.
Fərz edək ki, ABŞ-nin indiyədək göstərdiyi maliyyə yardımı kəsilir, onda Ukrayna xalqının qarşısında bir qədər mürəkkəb vəzifə duracaq - müharibəni məhdud imkanlarla davam etdirmək. Amma bu o demək deyil ki, Ukrayna məğlub, yaxud təslim olmalıdır.
Zelenski səfərdən qayıdan kimi ABŞ-dəki səfiri Oksana Markarovanı dəyişməlidir. Çünki Markarova yanlış məlumatları ilə Ukrayna dövlətinə böyük ziyan vurub.
Müharibə vəziyyətində olan Ukraynanı içəridən gəmirən tüfeyli və rüşvətxor zümrəyə divan tutulmalıdır. Onların bir çox Ali Radada, Nazirlər Kabinetində oturub. Müharibə gedə-gedə bu tüfeylilər ölkəni gəmirirlər. Onların oğurladığı pulların məbləği məlumdur. Zelenski onları dərhal həbs etməlidir. Hazırda 1 milyon tüfeyli məmur var ki, Ukraynada müharibə aparmaq əvəzinə büdcə pullarını yeyirlər.
Politoloq diqqətə çatdırıb ki, Rusiyanın müharibədə hər hansı parlaq qələbəsi gözlənilmir:
"ABŞ-nin yardımı olmadan da Ukrayna müharibə apara bilər. Trampın Avropaya etinasız münasibəti, danışıqlar masasına çağırmaması buna vadar edir. Avropa liderləri Kiyevə gələrək, Ukraynaya kömək etməyə hazır olduqlarını bildirdilər. Avropanın maliyyə və hərbi yardımı davam edəcək. Ukrayna da bu imkanlarla mübarizə aparmağa davam etməlidir.
Tramp ümid edirdi ki, Ukraynanı razı salacaq və Çindən ayıra biləcək. Bu, xam xəyalıdır. Rusiya həqiqətən də, ABŞ-yə görə Çindən uzaqlaşmağa başlasa, Pekin Ukrayna və Avropaya yardım edəcək.
Dünyanın axırı deyil. Nadir metallar barədə olan sövdələşmə nağıl idi. Əvvəla, bu yataqların əksəriyyəti işğal olunmuş ərazilərdədir. Onların istismarı üçün milyardlarla dollar pul lazımdır. Trampla Zelenski arasında diplomatik danışıqlar yerinə bazar söhbəti alındı. Faciə yoxdur. Ukrayna mübarizəsini bundan sonra da davam edə bilər. Rusiyanın parlaq qələbə qazanma şansı yoxdur".