Erməniləri Qarabağa qaytarmağın “son variantı” - ŞOK TƏFƏRRÜAT
Siyasət
2454
20 Feb 2025 | 08:58

Erməniləri Qarabağa qaytarmağın “son variantı” - ŞOK TƏFƏRRÜAT

Xocalı qatili üçtərəfli sənədə istinad edərək çərənləyib - bəs Qərbi Azərbaycana qayıdış necə olsun?
“Ermənilərin Dağlıq Qarabağa qayıtması üçün yeganə mümkün görünən variant 9 noyabr 2020-ci il tarixli bəyanatdan yapışmaqdır”.
 
 Bunu fevralın 17-də Ermənistanın ikinci prezidenti, Xocalı hərbi canisi Robert Köçəryan İrəvandakı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əgər Azərbaycan Zəngəzur dəhlizindən (bənd 9) danışırsa, o zaman Ermənistan da deyə bilər ki, bu, həmin bəyanatın bəndlərindən yalnız biridir, başqa bəndlər də var: “İrəvan bəyan etməlidir ki, Azərbaycan bu bəyanata tam qayıtmağa hazırdırsa, o zaman bu məsələ (dəhliz - red.) müzakirə oluna bilər”. Köçəryana görə, bu, ermənilərin Qarabağa qayıdışı mövzusunun danışıqlar prosesinə yenidən daxil edilməsi üçün yeganə ipucudur: “Ehtimal son dərəcə kiçik olsa da, hər halda, var, lakin bu kiçik ehtimaldan belə istifadə edilməlidir”.
 
Amma onun fikrincə, bu ona görə edilmir ki, Ermənistan hakimiyyəti ermənilərin Qarabağa qayıtmasını istəmir, “çünki bu, iqtidardakıları həyatını çətinləşdirə bilər, ona görə ki, müəyyən məsələlərlə bağlı müəyyən addımların atılması tələbləri irəli sürülə bilər”. İkinci prezident istisna etməyib ki, Ermənistan hakimiyyəti üçün ən sərfəli variant - qarabağlıların “Xalq yoxdur - problem yoxdur” prinsipi ilə Ermənistanda qalmamasıdır. Ardınca ərz edib ki, beynəlxalq təminat olmadan ermənilər Qarabağa qayıtmayacaqlar: “Bu qayıdış üçün təminatlar paketi tələb olunur ki, bu da danışıqlar prosesinin məsələsidir. Bu məsələni müzakirə etməkdən belə imtina etmək könüllü olaraq Azərbaycana mümkün təsir rıçaqından imtina etmək deməkdir”. Bakı türməsinin çoxdan darıxdığı bu Xocalı hərbi canisi nə sayıqlayır belə?
 
“Yeni Müsavat”a danışan siyasi ekspert Züriyə Qarayeva Köçəryanın yenidən çərənləməyə başladığını hesab edir: “Əvvəla, gündəmə gəlməyə cəhd edib. Rusiyanın Ukrayna bataqlığından çıxaraq, Ermənistan siyasətinə diqqət yetirəcəyinə ümidlənib. Düşünür ki, Moskva Bakıya təzyiqlər edəcək və ermənilərin bir qismi Qarabağa qayıdacaq. Bunu yuxusunda görə bilər”. Z.Qarayevanın fikrincə, 10 noyabr sənədində ermənilərin qayıdışı bəndi varsa, bunu bir dəfə Rusiya hərbi kontingenti həyata keçirib: “44 günlük müharibədən sonra onları avtobuslarla Xankəndi və ətraf rayonlara qaytardılar. Amma dinc oturmadılar və üç il qanunsuz rejim fəaliyyət göstərdi, bizə meydan oxumaq istədi. Nəticəsi də antiterror əməliyyatı oldu. Amma biz bir dinc erməniyə zərər yetirmədik. Və onlara görə reinteqrasiya proqramı açıqlandı, birgəyaşayış yolları göstərildi, sosial paket hazırlandı, bəzi imtiyazlar, subsidiyalar veriləcəyi deyildi, amma Azərbaycan vətəndaşı olmağı qəbul etmədilər. Ona görə könüllü şəkildə getdilər. Əgər qalsaydılar, getməzdilər, indi niyə qayıtsınlar ki?! Yəni Köçəryan növbəti populizmlə məşğul olub. Biz onlara qalmağı təklif etmişik, razı olmayıb öz xoşu ilə gediblərsə, niyə qayıtmaq istəsinlər?! Köçəryan boşboğazlıq edib. İndiyə qədər bir erməni deməyib ki, Qarabağa dönmək arzusu var. Çünki bir hissəsi Ermənistanı da tərk edib. Üstəlik, gəlin unutmayaq ki, ortada bir saxtakarlıq var. Belə ki, onlar Qarabağda yaşamış olsalar da, həmişə Ermənistan pasportuna sahib olublar. Deməli, onlar Qarabağda yaşamış Ermənistan vətəndaşlarıdır. Köçəryan bunu yaxşı bilir. Bəs biz niyə Ermənistan pasportu ilə yaşayan bu ölkənin vətəndaşlarının Qarabağa qayıtmasına razılıq verməliyik? Əgər kimsə qayıtmaq istəyirsə, Bakı təklif edib, Laçın keçid məntəqəsinə yaxınlaşa bilərlər, erməni pasportunu cırıb tullasın, Azərbaycan vətəndaşlığını qəbul etsin”.
 
Ekspert bu prosesin həm də qarşılıqlı olmasını mühüm sayır: “Qərbi azərbaycanlılar da paralel şəkildə Ermənistana qayıtmalıdırlar. Köçəryan 10 noyabr sənədindən danışırsa, bu məsələ adekvat həllini tapmalıdır. Ermənistan isə demoqrafik üstünlük olacağını bildiyi üçün Zəngəzura, Qərbi Azərbaycana qayıdışımızı istəməz. Ona görə də Paşinyan hökuməti Qarabağa qayıdışı gündəmə gətirmir, danışan Köçəryan kimilərdir. Onun isə bu haqda danışmağa mənəvi haqqı çatmır. Bu Xocalı canisi indi Bako Saakyanla birlikdə mühakimə edilməli idi”.
 
Xatırladaq ki, jurnalist Voskan Sarkisyan Tavuş rayonunda məskunlaşmış 2970 nəfər (780 ailə) erməninin bir hissəsinin oranı tərk etdiyini bildirib. O yazıb ki, hazırda onlardan cəmi 564 ailə (1920 nəfər) Tavuşda yaşayır. Yəni bir ildə 216 ailə və ya 1050 nəfər Tavuşu tərk edib. Bu faktın özü təsdiqləyir ki, ermənilər nəinki Qarabağa qayıtmaq istəmirlər, Ermənistandan da xarici ölkələrə gedirlər. Bu da erməniləri Qarabağa qaytarmaq istəyən xarici dairələrin arzusunu ürəyində qoymaqdadır. Yanvarın 8-də Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Qarabağdan könüllü olaraq gedən ermənilərin qayıdışı haqqında danışarkən deyib ki, bu barədə yaxşı heç nə deyə bilməz: “Siz məndən ermənilərin Qarabağda yaşaması barədə soruşursunuz. Biz bu barədə ermənilər orada yaşadığı zaman danışmışıq. İndi isə qayıdış hansı şərtlərlə olacaq? Hər hansı bir muxtariyyət şərtləri iləmi? Yoxsa sadəcə Azərbaycan vətəndaşları kimi, amma məktəblərdə erməni dilini öyrənmək imkanı olan şəxslər kimi? Belə bir imkan mövcud idi.
 
Dağlıq Qarabağ nümayəndələrinin Azərbaycan hakimiyyəti ilə birbaşa danışıqları məsələsi 2021-2022-ci illərdə müzakirə olunmuşdu. Amma bütün bu imkanlar konkret dairələrin səyləri ilə yoxa çıxdı. İndi baş verənlərdən sonra qayıdış haqqında danışmaq mənasızdır"."Yeni Müsavat”
Link kopyalandı!
Son xəbərlər