Xəbər verildiyi kimi, Maliyyə Nazirliyi indiyədək buraxılan 4 istiqrazın delistinq edilərək geri çağrılması barədə qərar qəbul edib.
Moderator.az FED.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyi hazırda həmin istiqrazların sahiblərini qiymətli kağızları geri qaytarıb pullarını almağa çağırıb.
Xatırladaq ki, söhbət Maliyyə Nazirliyi tərəfindən 2023-cü ildə buraxılmış 4 istiqrazdan gedir.
Bunlar: AZ0201040323; AZ0201040265; AZ0201040240 və AZ0201040208 qeydiyyat nömrəli istiqrazlardır.
Ümumilikdə söhbət 491 milyon, yəni təqribən yarım milyard manatlıq istiqrazlardan gedir. Gəlin, bu istiqrazlarla daha yaxından tanış olaq:
1) AZ0201040208 istiqrazı:
İstiqrazın buraxılış həcmi 120 milyon manat, illik gəlirliyi 6% təşkil edir.
Qeyd edək ki, istiqrazların buraxılması barədə hərracda AZ0201040208 istiqrazının həcminin 80 milyon olacağı nəzərdə tutulurdu. Amma Bakı Fond birjasının məlumatına görə, hazırda bu istiqrazın həcmi 120 milyon manatdır. Bundan sonrakı hesablamalarda da daha yeni göstərici olaraq BFB-nin məlumatındakı rəqəm, yəni 120 milyon manat əsas götürüləcək. Beləliklə,
AZ0201040208 istiqrazı 15 avqust 2023-cü ildə 728 gün, yəni 2 illik müddətə buraxılıb. İstiqrazın dövriyyə müddəti 2025-ci ilin avqustunda başa çatır. İstiqrazlar üzrə ödənişlər hər yarım ildən bir həyata keçirilir, yəni 2 ildə 4 dəfə faiz ödənişi həyata keçiriləcək. Bu ödənişlərin 3-ü artıq həyata keçirilib, yeri gəlmişkən, 3-cü ödəniş bir neçə gün əvvəl – 11 fevralda edilməli idi.
Növbəti, 4-cü ödəniş isə 2025-ci ilin avqustunda edilməlidir. Faiz dərəcəsi və məbləği nəzərə alanda istiqraza görə, hər yarım ildə baş tutan ödənişlərdə istiqraz sahiblərinə 3,6 milyon manat ödənilir. Başqa sözlə, Maliyyə Nazirliyinin bu istiqraz üzrə 3,6 milyon manat ödənişi qalıb.
2) AZ0201040240 istiqrazı:
İstiqrazın buraxılış həcmi 135 milyon manat, illik gəlirliyi 6% təşkil edir.
Maraqlıdır ki, bu istiqrazda da buraxılış və döariyyədə olan həcmlər fərqlənir. Belə ki, istiqrazların buraxılması barədə hərracda AZ0201040240 istiqrazının həcminin 90 milyon manat olacağı nəzərdə tutulurdu. Amma Bakı Fond birjasının məlumatına görə, hazırda bu istiqrazın həcmi 135 milyon manatdır. Bundan sonrakı hesablamalarda da daha yeni göstərici olaraq BFB-nin məlumatındakı rəqəm, yəni 135 milyon manat əsas götürülüb. Beləliklə, AZ0201040240 istiqrazı 19 sentyabr 2023-cü ildə 728 gün, yəni 2 illik müddətə buraxılıb. İstiqrazın dövriyyə müddəti 2025-ci ilin sentyabrında başa çatır. İstiqrazlar üzrə ödənişlər hər yarım ildən bir həyata keçirilir, yəni 2 ildə 4 dəfə faiz ödənişi həyata keçiriləcək. Bu ödənişlərin 2-si artıq həyata keçirilib, 3-cü ödəniş isə təqribən bir ay sonra – 18 martda edilməlidir.
Növbəti, 4-cü ödəniş isə 2025-ci ilin sentyabrına düşür.
Faiz dərəcəsi və məbləği nəzərə alanda istiqraza görə, hər yarım ildə baş tutan ödənişlərdə istiqraz sahiblərinə 4,05 milyon manat ödənilir. Başqa sözlə, Maliyyə Nazirliyinin bu istiqraz üzrə 8,1 milyon manat ödənişi qalıb. Bunun 4,05 milyon manatı 18 martda, 4,05 milyon manat isə 16 sentyabrda ödəniləcək.
3) AZ0201040265 istiqrazı:
İstiqrazın buraxılış həcmi 135 milyon manat, illik gəlirliyi 6% təşkil edir.
Maraqlıdır ki, bu istiqrazda da buraxılış və döariyyədə olan həcmlər fərqlənir. Belə ki, istiqrazların buraxılması barədə hərracda AZ0201040265 istiqrazının həcminin 90 milyon manat olacağı nəzərdə tutulurdu. Amma Bakı Fond birjasının məlumatına görə, hazırda bu istiqrazın həcmi 135 milyon manatdır. Bundan sonrakı hesablamalarda da daha yeni göstərici olaraq BFB-nin məlumatındakı rəqəm, yəni 135 milyon manat əsas götürülüb.
Beləliklə, AZ0201040265 istiqrazı 17 oktyabr 2023-cü ildə 728 gün, yəni 2 illik müddətə buraxılıb. İstiqrazın dövriyyə müddəti 2025-ci ilin oktyabrında başa çatır. İstiqrazlar üzrə ödənişlər hər yarım ildən bir həyata keçirilir, yəni 2 ildə 4 dəfə faiz ödənişi həyata keçiriləcək. Bu ödənişlərin 2-si artıq həyata keçirilib, 3-cü ödəniş təqribən bir ay sonra – 15 apreldə, 4-cü ödəniş isə 2025-ci ilin oktyabrında ediləcək.
Faiz dərəcəsi və məbləği nəzərə alanda istiqraza görə, hər yarım ildə baş tutan ödənişlərdə istiqraz sahiblərinə 4,05 milyon manat ödənilir. Başqa sözlə, Maliyyə Nazirliyinin bu istiqraz üzrə 8,1 milyon manat ödənişi qalıb. Bunun 4,05 milyon manatı 15 apreldə, 4,05 milyon manat isə 14 oktyabrda ödəniləcək.
4) AZ0201040323 istiqrazı:
İstiqrazın buraxılış həcmi 100,7 milyon manat, illik gəlirliyi 5,75% təşkil edir.
AZ0201040323 istiqrazı 19 dekabr 2023-cü ildə 728 gün, yəni 2 illik müddətə buraxılıb. İstiqrazın dövriyyə müddəti 2025-ci ilin dekabrında başa çatır. İstiqrazlar üzrə ödənişlər hər yarım ildən bir həyata keçirilir, yəni 2 ildə 4 dəfə faiz ödənişi həyata keçiriləcək. Bu ödənişlərin 2-si artıq həyata keçirilib, 3-cü ödəniş 2025-ci ilin iyun ayında, 4-cü ödəniş isə 2025-ci ilin dekabrında ediləcək.
Faiz dərəcəsi və məbləği nəzərə landa istiqraza görə, hər yarım ildə baş tutan ödənişlərdə istiqraz sahiblərinə 2,9 milyon manat ödənilir. Başqa sözlə, Maliyyə Nazirliyinin bu istiqraz üzrə 5,8 milyon manat ödənişi qalıb. Bunun 2,9 milyon manatı iyun ayında, 2,9 milyon manat isə 14 dekabrda ödəniləcək.
Qeyd edildiyi kimi, Maliyyə Nazirliyi bu istiqrazları vaxtındlan əvvəl geri çağırmağı planlaşdırır.