Tofiq Zülfüqarov: “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…”
Siyasət
352
18 Feb 2025 | 23:54

Tofiq Zülfüqarov: “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…”

Xəbər verdiyimiz kimi, 2025-ci il mayın 1-dən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının bərpa olunacağı müzakirə edilib. Bu haqda Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib. Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, əsas istiqamətlər, gələcək prioritetlər, cari layihələr barədə fikir mübadiləsi aparıblar.
 
Bu xəbər mediada işıq gördükdən sonra Rusiya və İranla da quru sərhədlərin açıla biləcəyinə dair versiyalar səsləndirilir.
 
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov konkret fikir bildirməkdə çətinlik çəkdiyini qeyd edib.
 
O deyib ki, sərhədlərin bağlı qalmasının səbəbi fərqli şəkildə şərh olunur:
 
“Məsələn, bir çox hallarda deyilir ki, yolların qapalı olması pandemiya ilə əlaqədardır. Amma bunları əsas gətirmək məntiqə uyğun deyil. Hər halda bəllidir ki, xəstəliyin yayılması ehtimalı o qədər də aktual mövzu deyil. Quru sərhədlərin qapalı qalmasını daha çox təhlükəsizliklə əlaqələndirirlər. Bu fikirlə isə razıyam. Çünki xaricdən ölkəmizə bəzi təhdidlər var. Bununla əlaqədar tələblər də icra olunur”.
 
Sabiq nazirin fikrincə, digər istiqamətlərdə də gediş-gəliş bərpa oluna bilər:
 
“Əgər Gürcüstanla Azərbaycan arasında dəmir yolu vasitəsilə sərnişin daşınması mümkün olsa, məntiqli olardı ki, sərhədlər digər istiqamətlərlə də açılsın. Bilirsiniz ki, bir çox hallarda sadə vətəndaşlar İrana, Rusiyaya gedir-gəlir. Fikrimcə, Gürcüstanla gediş-gəliş bərpa olunsa, digərləri ilə də olacaq”.
Link kopyalandı!
Son xəbərlər