Milli Məclisin deputatları Nyu-Yorka səfər edəcəklər
Siyasət
356
16:15, Bu gün

Milli Məclisin deputatları Nyu-Yorka səfər edəcəklər

Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının, həmçinin Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də keçiriləcək parlament dinləmələrində iştirak etmək üçün fevralın 10-da ABŞ-nin Nyu-York şəhərinə səfər edəcəklər.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Bildirilib ki, parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında əvvəlki iclasın hesabatı təsdiqlənəcək, konfransın gündəliyi, proqramı və nəzərdə tutulmuş bəyannamə layihəsi müzakirə ediləcəkdir.
 
Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin toplantısında isə ötən il keçirilmiş ikinci iclasın hesabatı qəbul ediləcək, Sammitin təşkilati məsələlərinə baxılacaq və onun ilkin proqramı, o cümlədən diqqət mərkəzində olacaq mövzular razılaşdırılacaqdır.
 
Səfər çərçivəsində Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahında keçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.
 
60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçınınin qatılacağı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılacaqdır.
 
Deputatların Nyu-Yorka səfəri fevralın 16-da başa çatacaq.
Link kopyalandı!
Son xəbərlər