“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barələrində olan hökmdən kassasiya şikayəti verib.
Moderator.az Apa-ya istinadən xəbər verir ki, iş Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun icraatına verilib.
Məhkəmənin keçirilmə tarixi təyin edilməyib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin hər birinin cəzası 3 ay azldılıb. Ruslan Mikayılova 6 il 7 ay, Sənan Maşıyevə 4 il 7 ay 10 gün, Cabir Qəhrəmanova 6 il 5 ay 5 gün, Elçin Əliyevə 5 il 5 ay 5 gün azadlıqdan məhrum etmə cəzası hesablanıb.
Xatırladaq ki, 2021-ci ilin dekabrında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.