Bizi sosial şəbəkələrdən izləyin:
Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda qurumun missiyasının mandatını 44 milyon avro büdcə ilə iki il müddətinə uzadıb.
Moderator.az-ın məlumatına görə, bu barədə şuranın Mətbuat Xidməti məlumat yayıb.
"Bu gün şura Aİ-nin Ermənistanda missiyasının (EUMA) mandatını daha iki il - 2027-ci il fevralın 19-dək uzatmaq və 20 fevral 2025-ci ildən 19 fevral 2027-ci ilədək olan dövr üçün 44 milyon avrodan çox büdcə ayırmaq barədə qərar qəbul edib", - deyə sənəddə qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Aİ-nin Ermənistanda missiyası regionda sülh və sabitliyin qorunması üzrə qurumun səylərinin ən vacib komponentidir.
"Missiyanın məqsədi yerlərdəki vəziyyəti müşahidə etmək, məlumat vermək, münaqişədən zərər çəkmiş ərazilərdə insanların təhlükəsizliyinə yardım etmək, mümkün olan yerlərdə Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsinə dəstək verməkdir. Missiyanın mandat vəzifələri dəyişməz qalır - o, silahsız mülki missiya olaraq qalacaq", - deyə Mətbuat Xidməti izah edib.
Sənəddə qeyd olunub ki, missiya beynəlxalq və yerli heyət daxil olmaqla 200-dən çox insandan ibarətdir.
"Missiyanın müşahidəçiləri və mülki ekspertləri Aİ-nin 25 üzv dövlətini və üçüncü iştirakçı dövləti - Kanadanı təmsil edirlər", - deyə sənəddə əlavə edilib.
Missiya Aİ Şurasının 20 fevral 2023-cü il tarixli qərarı ilə yaradılıb. Elə həmin vaxtdan da Ermənistanda fəaliyyətə başlayıb.