Azərbaycanla Ermənistan arasında sülh sazişi niyə yubanır? - Prosesə mane olan amillər
Siyasət
709
30 Jan 2025 | 16:43

Azərbaycanla Ermənistan arasında sülh sazişi niyə yubanır? - Prosesə mane olan amillər

Avropa İttifaqının (Aİ) Brüsseldəki səfirləri qurumun Ermənistandakı müşahidə missiyası ilə bağlı qərarı təsdiqləyiblər. Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhəd rayonlarında qalacaqlar. Qərarın layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 xarici və 44 erməni üzv.
 
Prezident İlham Əliyev dəfələrlə başqa ölkələrin nümayəndələrinin Azərbaycanla sərhəddə yerləşdirilməsinin sülh sazişinə əngəl törədən amil olduğunu bildirib. Lakin Ermənistan bundan dərs çıxarmaq əvəzinə, prosesləri daha da mürəkkəbləşdirmək yolunu tutub.
 
Bu amil sülh sazişinin imzalanmasını yubadacaqmı? Proseslərin bu gedişatı nə ilə nəticələnə bilər?
 
Milli Məclisin deputatı Aydın Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, sülh sazişinin əldə olunması üçün Azərbaycan dövləti konkret təkliflər irəli sürüb:
 
"Azərbaycan dövlətinin verdiyi təkliflər beynəlxalq hüquqa söykənir və Cənubi Qafqazda daimi sülhün bərqərar olmasını təmin edəcək addımlardır. O da məlumdur ki, Ermənistan artıq dörd ildən çoxdur ki, kapitulyasiya aktına imza atmasına baxmayaraq, sülh prosesini uzadır və bununla yanaşı, İrəvana indiyə qədər havadarlıq edib 30 il ərzində regionda müharibə ocağı yaratmasına, qırğınlar törətməsinə şərait yaradan dairələr yenidən revanşist qüvvələrə bu cür fəaliyyət üçün zəmin formalaşdırırlar. Bu isə o deməkdir ki, Ermənistan sülhə hazır deyil. Əslində, bu kimi addımlar Ermənistan dövlətini və xalqını birbaşa məhvə aparır. Çünki Ermənistanın yeganə çıxış yolu Azərbaycanın təkliflərini qəbul etmək, regional layihələrə qoşulmaq, kommunikasiyaları açmaq və ən başlıcası, özünün xəstə ideologiyasından əl çəkərək konstitusiyasını dəyişməkdir".
 
 
Deputat bildirib ki, erməniləri siyasi alət kimi istifadə edən qüvvələrin məqsədi Ermənistanın təəssübünü çəkmək deyil, bu regionda özlərinin varlığını İrəvanın əli ilə qorumaq istəyidir:
 
"Çünki Cənubi Qafqaz artıq böyük bir logistikası mərkəzinə çevrilməkdədir. Azərbaycanın birbaşa töhfəsi nəticəsində Orta dəhliz üzərindən yaranan bu reallıq dünya iqtisadiyyatı üçün də səmərəlidir. Şərqdən Avropaya, eləcə də Şimaldan Cənuba daşınan yüklərdə intensivliyin təmin olunması, Azərbaycanın bu sahəyə verdiyi böyük töhfələr dünya iqtisadiyyatı üçün çox əhəmiyyətlidir.
 
Burada ikinci pərdəarxası məqam isə regiona sirayət edib bu layihələrə nəzarət etmək niyyətidir. Bunu da Ermənistandan istifadə edərək həyata keçirmək istəyirlər. Artıq Fransanın və digərlərinin niyyəti ortadadır".
 
"Sülh müqaviləsi üçün Azərbaycanın konkret şərtləri var. Ermənistan konstitusiyası dəyişməli və Minsk qrupu ləğv olunmalıdır. Əgər bu şərtlər qəbul olunarsa, belə olan halda, qeyd-şərtsiz bütün missiyalar öz əhəmiyyətini itirmiş olur. Ona görə də Azərbaycanın bu təklifləri qəbul edilsə, istənilən vaxt sülh müqaviləsinə nail olmaq mümkündür. Azərbaycanın təklif etdiyi şərtlər həm region, həm də Ermənistanın özü üçün əlverişlidir".
 
Link kopyalandı!
Son xəbərlər